Feb 03 2018 11:42
Ferah Sabirqizi
Views: 1112

Avropa  İttifaqı Azərbaycanla assosiativ yox, daha geniş və məzmunlu saziş imzalanmasında maraqlıdır. Və bununla bağlı danışıqlar davam edir. CBC-yə müsahibəsində Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas belə deyib. Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanla yeni sazişin uğurla nəticələnməsinin tərəfdarıdır. Sənədin əsas hissəsi nəqliyyatla bağlı olacaq.

“Bu, Avropa İttifaqının daşıyıcıları üçün çox maraqlıdır. Bu, həm Bakı Tbilisi Qars layihəsi, həm Azərbaycanda dəmir yolları, həm də kifayət qədər yaxşı inkişaf edən yol sistemini əhatə edir. İndi bura dəniz limanı da əlavə olunur. Biz istərdik ki, hava məkanı da bura əlavə edilsin”.

Bu məqsədlə Avropa İttifaqının nəqliyyat üzrə baş direktoru Bakıda səfər edib, Bakıdakı hava limanına gedib. Səfər zamanı Azərbaycanda fəaliyyət göstərən hava yolları şirkətinin, karqo daşıma şirkətlərinin imkanları araşdırılıb.  Belə qənaətə gəlinib ki, imkanlar çox genişdir, sadəcə bunun vahid sistemdə işləməsi önəmlidir.

“Bizim saziş həm yüklərin, həm də sərnişinlərin daşınması, daşıyıcılar üçün yeni imkanlar aça bilər. Biznes üçün yeni şəraitin yaranması həm də iş yerlərinin artırılması, iqtidadiyyatın gələcəkdə inkişafına təsir edər. Bu məsələdə razılaşma əldə olunsa, inanıram ki, tezliklə biz təkcə yüksək səviyyəli nəqliyyat üzrə dialoqa yox, ümumiyyətlə Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin təsdiqlənməsinə nail ola bilərik”.

Nəqliyyat üzrə razılaşmanın əldə olunması üçün Avropa İttifaqı bəzi məlumatları Azərbaycan tərəfinə təqdim edib. Qurumla bu tip saziş imzalayan ölkələrin əldə etdiyi nəticələrlə bağlı rəqəmlər, göstəricilər təqdim olunub. Sənəddə müvafiq sazişlərin milli daşıyıcıya necə təsir etdiyi, əldə olunan gəlirlər barədə məlumatlar əksini tapıb.

“Biz məcburuq elə edək ki, aviasiya sazişi tərəflərin hamısı üçün qarşılıqlı əlverişli olsun. Mən əminəm ki, belə də olacaq. Çünki belə saziş müsbət mənada bazarın güclənməsinə xidmət edir. İndiyədək əldə olunan nəticələr də göstərir ki, belə sazişlər imzalayan ölkələrdə milli daşıyıcılar yalnız qazanc əldə ediblər”.

Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqı ilə Moldova, Ukrayna və Gürcüstan arasında assosiativ saziş imzalanıb. Lakin Avropa İttifaqı Azərbaycanla daha geniş məzmunu razılaşmanın əldə olunmasını arzulayır. Həmi sənədin hazırlanması üzrə danışıqlar davam edir. Yaxın vaxtlarda saziş üzrə danışıqlarla bağlı tərəflər arasında növbəti görüş keçiriləcək. 


Create Account



Log In Your Account