May 06 2020 16:53
Elshad Aliyev
Views: 105

Avropa İttifaqı koronavirus pandemiyası səbəbindən 2020-ci ildə ən ciddi iqtisadi enişlə üzləşəcək. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə iqtisadiyyat üzrə Avropa komissarı Paolo Centiloni mətbuat konfransında deyib. “İndi Avropa İttifaqının tarixində ən dərin iqtisadin böhrana daxil olduğu aydındır”, - deyə Paolo Centiloni bildirib. Onun sözlərinə görə, Avropa İttifaqında ümumdaxili məhsulun real həcminin 7,4 faiz, onun iqtisadi nüvəsi olan avrozonada isə 7,7 faiz azalacağı proqnozlaşdırılır.

Avropa Komissiyasının bahar iqtisadi proqnozuna əsasən, Avropa İttifaqının heç bir ölkəsi cari ildə iqtisadi artıma nail ola bilməyəcək. Ümumdaxili məhsulun real həcmində ən zəif eniş Polşada, ən ciddi eniş isə Yunanıstanda gözlənilir (müvafiq olaraq 4,3 faiz və 9,7 faiz).

Pandemiya fonunda bütün dünyada olduğu kimi, Avropa İttifaqında da sosial-iqtisadi sahədə miqyaslı qadağalar tətbiq edilib. Bəzi ölkələrdə ticarətə, restoran və otellərin fəaliyyətinə qadağa qoyulub, sərhədlər bağlanıb, aviasiya və yerüstü əlaqə məhdudlaşdırılıb. İttifaqın iqtisadiyyatı bu vəziyyətdən ciddi zərər çəkib.

Hazırda Avropa İttifaqının bəzi ölkələri məhdudiyyətləri tədricən yüngülləşdirir.


Create Account



Log In Your Account