Jan 24 2021 10:11
Bakhtiyar Hasanov
Views: 72

Avropa İttifaqı COVID-19-un yeni ştammları ilə əlaqədar olaraq sərhədləri yükdaşımaları üçün açıq saxlamağı, vətəndaşların xarici səfərləri zamanı isə sərhəd qaydalarını sərtləşdirməyi düşünür.

CBC Avropa KİV-nə istinadla xəbər verir ki, Avropa Komissiyası Avropa İttifaqına üzv olan bütün ölkələrdə ciddi nəzarət tədbirlərinin görülməsini istəyir.

“Sərhədlər əsas mal və xidmətlərin axını da daxil olmaqla, vahid bazarın fəaliyyətinin təmin edilməsi üçün açıq qalmalıdır. Buna baxmayaraq, virusun yayılmasının qarşısının alınması üçün əhəmiyyətsiz səfərlərə qarşı məhdudlaşdırıcı tədbirlər tələb oluna bilər”, - deyə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen söyləyib.

Keçən ilin mart ayında bir neçə üzv dövlət milli sərhədləri birtərəfli qaydada bağladılar, bu da iqtisadi xaosa səbəb oldu. Vahid bazarın fəaliyyətini qorumaq üçün, Avropa İttifaqı, işçilərin və yüklərin sərhədləri keçməyə davam edə bilməsi üçün onları açıq saxlamaq istəyir.

Böyük Britaniya və Portuqaliyada bu günlərdə yayılan virusun yeni ştammları təhlükə yaradır. Avropa İttifaqı liderləri sürətləndirilmiş vaksinasiya üzərində işləyirlər. “Vaksinlər eyni vaxtda və əhalinin sayına proporsional əsasda yayılmalıdır. Onların sürətli təchizatını təmin etmək üçün bütün mümkün vasitələr öyrəniləcək”, - deyə öz növbəsində Avropa İttifaqı Şurasının rəhbəri Çarlz Mişel mətbuat konfransında bildirib.

 

 


Create Account



Log In Your Account