May 30 2019 16:07
Ferah Sabirqizi
Views: 188
“Avropa Məhkəməsi bu yaxınlarda “Çıraqov işi” ilə bağlı qərar qəbul edib. Qərarda bildirilib ki, Ermənistan Dağlıq Qarabağ üzərində nəzarətə malikdir”. Bunu parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Avropa məkanında” adlı konfransda bildirib. Qeyd edib ki, BMT və digər beynəlxalq təşkilatların qərarlarında Azərbaycan torpaqlarının işğalı faktı əksini tapır. Lakin təəssüf ki, işğalçı Ermənistanı dəstəkləyən lobbinin köməyilə bu gün dünyada real və beynəlxalq KİV-lərin təqdim etdiyi iki Azərbaycan var.
 
“Real Azərbaycan sabit, inkişaf edən, beynəlxalq tədbirlərin keçirildiyi Azərbaycandır. İkincisi - bəzi medianın təqdim etdiyi Azərbaycanda isə guya bunların əksi var, insanların hüquqları pozulur. Strasburqun mərkəzində sinaqoq var, ancaq o sinaqoq təhlükə səbəbindən açılmır. Bu gün Azərbaycanda, Bakıda sinaqoq açıqdır, Avropadan fərqli olaraq, heç kim düşünmür ki, oturub orada bir yerdə çay içmək təhlükəlidir. Bakının mərkəzində erməni kilsəsi də var. Lakin Azərbaycanın işğal olunmuş ərazilərində bir məscid də qalmayıb”.
 
Səməd Seyidov bildirib ki, münaqişənin həlli istiqamətində danışıqlar prosesi davam etdirilir, lakin Ermənistan tərəfinin qeyri-konstruktiv siyasəti bu danışıqların səmərəliliyinə mane olur. “Azərbaycan sülh yolu ilə torpaqlarımızın azad olunmasının tərəfdarıdır və bunu dəfələrlə bildirib. Biz bunu bütün səviyyələrdə bəyan etmişik və Ermənistanı bir daha danışıqlar yolu ilə problemi həll etməyə çağırırıq”.
 
Səməd Seyidov qeyd edib ki, bu gün Ermənistan hakimiyyəti informasiya müharibəsinə əl ataraq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Lakin Ermənistanın cəhdləri ona heç nə qazandırmır.
 
Azərbaycan rəsmiləri Avropa Parlamenti üzvlərinə Dağlıq Qarabağ münaqişəsi, konfliktin BMT qətnamələri çərçivəsində həllinin vacibliyi barədə fikirlərini çatdırdılar. Prezident Administrasiyasının xarici KİV-lər və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov bildirdi ki, avropalı parlamentarilər Ermənistan haqda burda eşidəcəkləri faktlara çox təəccüblənəcəklər. Ərazilərimizin 20 faizini işğal edən, etnik təmizləmə aparan Ermənistanda indi nasizm qəhrəmanlaşdırılır. Fuad Axundov Ermənistanın monoetnik ölkə olduğunu vurğulayaraq bu ölkədə 2 mindən çox toponim adı dəyişdirildiyini türk adlarının ləğv olunduğunu da diqqətə çatdırdı. 
 
Sergey Markov: “Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması – faktdır”
 
Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov  Azərbaycanda müntəzəm beynəlxalq tədbirlər keçirilir:
 
 “Bu gün də Avropa Liqasının final oyunu keçiriləcək. Azərbaycan xristian və müsəlman dünyasının, Avropa və Asiyanın qovşağında yerləşir. Bu baxımdan Azərbaycan müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında körpü rolunu oynayır. Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi kimi bir problem mövcuddur. Azərbaycanın torpaqlarının 20 faizinin işğal olunduğu faktdır”.
 
Polşadan olan politoloq Yanuş Nedzvetskiy nəzərə çatdırıb ki, Avropada çoxları Ermənistanın işğal etdiyi ərazilərdə tarixi abidələri dağıtdığını bilmir. Onun fikrincə, münaqişənin həllinə daha kiçik addımlarla başlamaq olar.
 
“Məsələn, mədəni irsin qorunması, qəbul edilən qətnamələrin dəstəklənməsi bu sırada ola bilər. Azərbaycan mədəni irsin dağıdılması məsələsini qaldıra bilər. Etnik təmizləmə, əmlakın məhvinə görə kompensasiyanın tələb edilməsi də gündəmdə olmalıdır. Xırda məsələlər həllini tapsa, böyük addım atmaq olar”.
 
Ən pis durumda olan ölkə - Ermənistandır 
 
Tədbirdə çıxış edən azərbaycanlı deputatlar Avropanın Dağlıq Qarabağ münaqişəsinə həllində ədalətli mövqe tutmasını istəyiblər. Qeyd olunub ki, indi Cənubi Qafqazda hazırda ən pis durumda olan ölkə Ermənistandır. Çünki münaqişə səbəbindən Ermənistana böyük sərmayələr qoyulmur. Toplantıda Avropa Parlamentinin, Almaniya, Slovakiya, Fransa, Polşa, Bolqarıstan parlamentinin və xarici qeyri-hökumət təşkilatlarının üzvləri iştirak ediblər.
 
Tədbirdə çıxış edən qonaqlar Bakının final oyununa yüksək səviyyədə hazırlaşdığını qeyd ediblər. Və bundan əvvəl Qərb mediasında yayılan fikirləri tamamilə əsassız adlandırıblar.
 
Avropa Parlamentinin İngiltərədən olan üzvü Netan Gill azərbaycanlıların çox sülhsevər millət olduğunu bildirdi: “Bakı tamamilə təhlükəsiz şəhərdir, rahatlıqla küçədə gəzmək olur. Mən dünən axşam bulvarda oldum. Çox xoş mənzərə vardı. Gənc ailələr, uşaqları ilə birlikdə sakitcə, gəzir, əylənirdilər. Həm də heç nədən narahat deyildilər, təhlükəsizliyə arxayın olduqları hiss edilirdi. Qərbdə son illər təəssüf ki, belə səhnələrə az rast gəlinir. Mən öz ölkəmdə Azərbaycanda gördüklərimi təbliğ edəcəyəm, deyəcəyəm ki, Azərbaycan gəlib görməli və təhlükəsiz gözəl bir məkandır. Lobbiçiliyinizi edəcəyəm, necə modern və iqtisadi cəhətdən inkişaf etmiş bir ölkəsiniz”.
 
Avropa Parlamentinin Fransadan olan üzvü Emerik Şopard bildirib ki, Azərbaycandakı iqtisadi inkişaf onu heyrətləndirir: “Ölkənizin apardığı siyasəti də çox bəyənirəm. Bu ölkədə tolerantlıq yüksək səviyyədədir. Sizin müstəqil siyasətiniz var, böyük güclərdən asılı deyilsiniz. Siz tarazlığı, qonşuluq siyasətini qoruyub saxlaya bilmisiniz. Azərbaycan çox təhlükəsiz ölkədir”.
 
Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” layihəsi çərçivəsində təqdim olunur. 

Create Account



Log In Your Account