May 05 2020 10:56
Elshad Aliyev
Views: 56

Avstraliya hökuməti koronavirusa qarşı dərmanın və həmçinin diaqnostika vasitələrinin hazırlanmasına 450 milyon dollar ayıracaq. AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliyanın Baş Naziri Skott Morrison bəyan edib.

“Avstraliya COVID-19 ilə qlobal mübarizənin gücləndirilməsinə və vaksinin tapılmasına 352 milyon Avstraliya dolları (təqribən 230,3 milyon ABŞ dolları) vəsait ayıracaq. Biz, həmçinin yeni diaqnostik vasitələrin hazırlanması məqsədilə Epidemiyalara Hazırlıq Sahəsində İnnovasiyalar Naminə Qlobal Birlik (CEPI) və İnnovativ Diaqnostika Fonduna (FIND) 15 milyon Avstraliya dolları (9,8 milyon ABŞ dolları) ayıracağıq”, - deyə Baş Nazir bildirib.

S.Morrison, eyni zamanda qeyd edib ki, Avstraliya hökuməti koronavirus infeksiyasının profilaktikası, diaqnostikası və terapiyası sahəsində elmi-tədqiqat təşkilatlarına da 337 milyon Avstraliya dolları (220,2 milyon ABŞ dolları) vəsait ayırmağı planlaşdırır.

Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə Avstraliyada ümumilikdə koronavirusa 6849 yoluxma halı qeydə alınıb. Hazırda virusun doğurduğu xəstəlikdən 70 nəfərin bu ölkədəki xəstəxanalarda, 824 nəfərin isə ambulator müalicə aldığı bildirilir. Ümumilikdə 5859 nəfərin sağaldığı, 96 nəfərin isə öldüyü qeyd edilir.


Create Account



Log In Your Account