Apr 30 2020 11:42
Elshad Aliyev
Views: 63

Avstraliya paytaxtının ərazisi ölkənin koronavirusdan azad ilk ərazisi elan olunub. AZƏRTAC xəbər verir ki, bu barədə regional hökumətin aprelin 30-da yaydığı məlumatda bildirilir. Qeyd edilir ki, həmin ərazidə son bir neçə sutka ərzində COVID-19-a yoluxma ilə əlaqədar heç bir hal qeydə alınmayıb. Paytaxt ərazisində virusa yoluxanların sayı 106 nəfər olub. Hazırda onların 3-ü ölüb, qalan 103 nəfər isə sağalaraq xəstəxanaları tərk edib. Bu günə olan son məlumata əsasən, Avstraliyanın paytaxt ərazisində bir dənə də olsun aktiv yoluxma halı yoxdur.

Regionun baş sanitar həkimi Kerrin Koulmanın bildirdiyinə görə, Avstraliya paytaxt ərazisində son yeddi həftə ərzində ilk dəfə yoluxanların sayı sıfıra bərabər olub. Lakin buna baxmayaraq, pandemiya ilə əlaqədar regionda hələ də bir sıra məhdudiyyətlər davam edir və onların yaxın vaxtlarda ləğvi nəzərdə tutulmur.

Əlavə olaraq, qeyd edək ki, Avstraliyada son məlumatlara görə ümumilikdə 6749 koronavirusa yoluxma halı qeydə alınıb. Bu günədək 93 nəfər vəfat edib, 5715 nəfər isə sağalaraq evlərinə buraxılıb.


Create Account



Log In Your Account