Mar 13 2020 13:44
Elshad Aliyev
Views: 43

Avstriyanın Xarici İşlər Nazirliyi dünyanın bütün ölkələrinə səyahətlə bağlı xəbərdarlıq pilləsini yüksəldib.

AZƏRTAC xəbər verir ki, nazirlik dünyanın bütün ölkələrinə səyahəti “yüksək təhlükə riski” elan edib (altı mümkün pillədən dördüncü pillə).

Xarici İşlər naziri Aleksander Şallenberq bu qərarı şərh edərkən bildirib ki, qeyri-adi təsir bağışlayan bu qərar sürətlə inkişaf edən hadisələr fonunda olduqca vacib addımdır. O bildirib: “Koronavirusun yayılma sürəti vətəndaşlarımızdan xüsusilə ayıq-sayıq olmağı tələb edir. Ona görə də biz hər kəsə vacib olmayan bütün səfərlərini təxirə salmağı, eləcə də geridönüş imkanının olduğu təqdirdə xaricdəki səfərləri yarımçıq saxlayaraq vətənə qayıtmağı tövsiyə edirik”.

Avstriya indiyədək İtaliya, İran, Cənubi Koreya və Çinin Xubey vilayətinə səfərlə bağlı daha yuxarı – “5-ci səyahət təhlükəsi riski” elan edib.

Nazirlikdən, həmçinin bildirilib ki, yüksək pilləli səyahət xəbərdarlığı bir tərəfdən vətəndaşları virus təhlükəsindən qorumaq, digər tərəfdən isə artıq sərhədlərini bağlayan və ölkənin müxtəlif regionlarını “qırmızı zona“ elan edən dövlətlərdə təcrid olunmuş vəziyyətdə qalması riskini azaltmağa yönəlib.

Martın 13-də Avstriya hökumətinin koronavirusun yayılmasının qarşısını almaq üçün növbəti tədbirlər paketini elan edəcəyi, ictimai-sosial həyatla bağlı yeni məhdudiyyətlərin tətbiq olunacağı gözlənilir.


Create Account



Log In Your Account