Mar 03 2018 14:22
Ferah Sabirqizi
Views: 348

Vyana şəhərində Azərbaycan ilə Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 9-cu iclası keçirilib.

Nazirlikdən verilən məlumata görə, iclasda nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Avstriyanın iqtisadiyyat və rəqəmsallaşdırma üzrə federal nazirin müavini Matias Çirf görüşüblər.

İclasda hazırkı iqtisadi durum, ikitərəfli iqtisadi əlaqələr, qarşılıqlı olaraq investisiyaların cəlb olunması, rəqəmli texnologiyalar, o cümlədən ətraf mühit texnologiyaları, enerji səmərəliliyi, kənd təsərrüfatı, maliyyə, standartlaşma, gənclər, eləcə də digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazir bildirib ki, Azərbaycanla Avstriya arasında münasibətlər dinamik şəkildə inkişaf edir. R.Quluzadə dövlət başçılarının və digər rəsmi şəxslərin qarşılıqlı rəsmi səfərlərinin iki ölkə arasında dostluq münasibətlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

Nazir qeyd edib ki, bu əməkdaşlıq Avstriya ilə Azərbaycanı etibarlı tərəfdaşa çevirib. Bildirilib ki, ötən il ikitərəfli ticarət həcmində artım müşahidə olunsa da, mövcud dövriyyə iki dövlətin iqtisadi potensialına cavab vermir.

Toplantıda iştirak edən Avstriya şirkətləri Azərbaycanda fəaliyyətlərini genişləndirməyə maraq göstəriblər və bu ilin may ayında Bakıda iki ölkənin özəl sektor nümayəndələrinin iştirakı ilə biznes-forumun təşkil olunması qərara alınıb.

İclasda Azərbaycan tərəfindən iqtisadiyyat, xarici işlər, gənclər və idman, kənd təsərrüfatı və energetika nazirliklərinin yüksək səviyyəli nümayəndələri sahəvi məsələlər barədə çıxış ediblər.

Həmçinin, iclas çərçivəsində Bakı şəhərinin Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə (EXPO 2025) ev sahibliyi üçün namizədliyi ilə bağlı xüsusi təqdimat keçirilib.

İclasın sonunda imzalanan protokolda iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Sənədə əsasən, iki ölkə arasında əlaqələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn fundamental norma və prinsipləri əsasında qurulması, fiziki və hüquqi şəxslərin bu norma və prinsiplərə əsaslanmaqla fəaliyyət göstərməsi təmin ediləcək.

Azərbaycan tərəfinin xahişi ilə Avstriya turizm şirkətlərinin işğal edilmiş ərazilərə qeyri-qanuni səfərlər təşkil etməsinin qarşısının alınması məsələsi də Protokolla təsbit edilib.


Create Account



Log In Your Account