Apr 07 2020 12:42
Elshad Aliyev
Views: 92

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Avstriyanın Tirol federal əyalətində tətbiq edilən tam karantin rejimi başa çatıb.

AZƏRTAC xəbər verir ki, məşhur xizək regionlarında yoluxma hallarının sürətlə artmasını nəzərə alaraq martın 18-də əyalət qubernatoru əyalətdəki bütün yaşayış məntəqələrinin (279 bələdiyyə) tam karantin altına alınmasına dair sərəncam vermişdi. Aprelin 13-dək qüvvədə olan tam karantin rejimi dövründə əhali evlərini yalnız həyati vacib səbəblərlə bağlı tərk edə bilərdilər, eyni zamanda bir yaşayış məntəqəsindən digərinə gediş qəti qadağan idi.

Karantin rejimi ərzində yoluxma hallarının qənaətbəxş qövs üzrə artımını nəzərə alaraq, əyalət hökuməti tam karantin rejimini aprelin 7-dən etibarən ləğv edib. Bununla da federal əyalət ərazisindəki yaşayış məntəqələri ölkənin digər ərazilərində tətbiq olunan nisbətən yumşaq xüsusi məhdudlaşdırıcı rejimə keçiblər.

Sankt Anton, Patsnauntal və Zölden xizək mərkəzlərinə aid olan yaşayış məntəqələrində isə tam karantin rejimi hələ də qüvvədə qalıb. Mart ayının ortalarında bu regionlarda həm yerli əhali, həm də turistlər arasında kütləvi yoluxma halları qeydə alınmışdı. Burada yoluxaraq Skandinaviya ölkələrinə geri dönən turistlər virusun geniş yayılmasına səbəb olmuş və buna görə Avstriya hökuməti, xüsusilə də Tirolun yerli icra orqanları ciddi tənqidə tuş gəlmişdilər.

Qeyd edilməlidir ki, hazırda Avstriyada koronavirus infeksiyasına yoluxanların sayı 12332 nəfərdir, virus 220 nəfərin ölümünə səbəb olub. 2786 yoluxma halı Tirol əyalətində qeydə alınıb və Tirol doqquz federal əyalət arasında siyahıda arzuolunmaz birinci yerdə qərarlaşır.


Create Account



Log In Your Account