Feb 09 2018 11:36
Naile Hesenova
Views: 800

Qalmaqallı “Bozun əlli çaları” filminin yekun hissəsi olan “Azadlığın əlli çaları”nın Bakıda təqdimatı olub. Baş rollarda Dakota Conson (Anesteyşa Stil) və Ceymi Dormanın (Kristian Qrey) oynadığı ekran əsərinin nümayişi “Park Cinema” kinoteatrlar şəbəkəsi və ADDIM Gənclər Təşkilatının artıq 3 ildən çoxdur davam edən “Cinemaya ADDIM-la” layihəsi çərçivəsində baş tutub. Kinoteatrlarda film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədi ilə həyata keçirilən layihənin yeni ildə ilk qonağı teleaparıcı Afaq Gəncəli olub. Nümayişdə media nümayəndələri, ADDIM Gənclər Təşkilatının üzvləri iştirak ediblər. 
 

“Park Cinema”nın nümayəndəsi Lalə Ələkbərova, ADDIM Gənclər Təşkilatının yaradıcısı Hüseyn Cavadzadə və Afaq Gəncəli çıxış edərək layihə haqqında danışıblar. Filmin dünya premyerasından 1 gün öncə nümayiş olunduğu bildirilib. Ekran əsərinin 3-cü hissəsi qəhrəmanların evlilikdən sonrakı həyatından bəhs edir.

Qeyd edək ki, “Park Cinema” – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə “Park Bulvar”, “Metro Park”, “Zagulba Mall” ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu “Flame Towers”, həmçinin Masallı, Quba və Mingəçevir kimi regionlarda yerləşən kinoteatrlar və “Amburan Beach Club”da yerləşən yay kinoteatrı daxildir.


Create Account



Log In Your Account