Dec 14 2017 13:36
Ferah Sabirqizi
Views: 340

Onu Azərbaycan estrada sənətinin yaradıcılarından biri adlandırırlar. Bu gün görkəmli azərbaycanlı müğənni Rəşid Behbudovun anadan olmasının 102 ili tamam olur. Uzun illər keçsə də, Rəşid Behbudov hələ də Azərbaycan tamaşaçılarının sevimlisi olaraq qalır. Onun iştirak etdiyi filmlər isə Azəraycan milli kinematoqrafiyasının qızıl fonduna daxil edilib.

Onun konsertinə biletlər bir neçə günə satılıb qurtarırdı, onun qastrol səfərlərini isə bütün sovet respublikalarında həsrətlə gözləyirdilər. O, oxuyanda qadınların ürəyi əsirdi, kişilər isə özlərini ona oxşatmağa çalışırdılar. Cazibəli məxməri bir səsə malik olan Rəşid Behbudovu təkcə keçmiş sovet respublikalarında yox, bütün dünyada tanıyıb xatırlayırlar. O, Avropa, Asiya və Latın Amerikasında konsertlər verib. Hər dəfə də şəxsi repertuatından savayı, hər bir şəhərdə mütləq olduğu ölkənin dilində də hansısa mahnı ifa edib. Rəşid Behbudov fenomeni  - nadir istedad və parlaq xarizmanın birləşməsidir. Onun haqqında  hər bir kəs hələ də xüsusi sevgiylə danışır.

Rəşid Behbudov “Arşın mal alan” musiqili komediyasında çəkildikdən sonra bütün sovet ittifaqı üzrə məşhurlaşmışdı.  Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən, sağlam yumor və milli kaloritli bu film nəinki sovet respublikalarında, digər ölkələrdə də ekranlara çıxdı və Rəşid Behbudova böyük populyarlıq qazandırdı. “Arşın mal alan”dan sonra Rəşid Behbudov tamaşaçı ürəyinə yol tapmış oldu. Bu film onun kinematoqrafiyada karyerasının başlanğıcını qoydu. Bu gün onun iştirak etdiyi filmlər Azərbaycan kiematoqrafiyasının qızıl fonduna daxildir.

Rəşid Behbudovun səsi bütün dünyada səslənirdi. Və hər dəfə də o, öz doğma Azərbaycanı, vətəni haqqında xüsusi məhəbbətlə danışırdı. Bu sevgi indinin özündə qarşılıqlı olaraq qalr. Görkəmli müğənninin 100 illiyi münasibətilə onun adını daşıyan və özünün yaratdığı mahnı teatrının qarşısında əfsanəvi sənətçinin abidəsi qoyulub.

 


Create Account



Log In Your Account