Apr 30 2020 13:33
Elshad Aliyev
Views: 69

Gələn il Azərbaycanın 2021-ci 30,7 mln. ton və ya 226.3 mln. barel həcmində neft hasıl edəcəyi proqnozlaşdırılır. Bu barədə "APA-Economics" SOCAR-dan verilən məlumata istinadən xəbər verir.

Qeyd edək ki, 2019-ci ildə Azərbaycanda 37,5 mln ton neft hasil edilib.

Məlumata əsasən, 9 aprel 2020-ci il tarixində "OPEC+" formatının 23 iştirakçı ölkəsi dünya bazarlarında Covid-19 pandemiyasının təsirindən yaranan iqtisadi resessiya şəraitini müzakirə etmiş, neftə olan tələb-təklifin tarazlaşdırılması üçün cari ilin 1 may tarixindən etibarən neft hasilatının gündəlik 9,7 milyon barel həcmində azaldılması barədə razılığa gəlib. Azərbaycan Respublikası, "OPEC+" iştirakçısı kimi görüşdə iştirak etmiş və digər ölkələrlə birlikdə üzərinə hasilatın könüllü azaldılması ilə bağlı mütənasib öhdəliklər götürmüşdür.Razılaşmanın yeni şərtlərinin müzakirəsində Azərbaycan Respublikasını təmsil etməyə səlahiyyəti olan Energetika Nazirliyi, razılaşmanın şərtlərini və respublikanın öz üzərinə götürdüyü öhdəlikləri açıqlayıb. Energetika Nazirliyi tərəfindən hasilatın müvəqqəti azaldılması kvotalarının ölkədəki hasilatçılar arasında mütənasib şəkildə bölünməsi təklif edilmiş və təklifin icrasının təmin edilməsi Nazirlər Kabinetinin tapşırığı ilə SOCAR-a həvalə olunub.

"OPEC+" razılaşmasının şərtlərinə əsasən, hasilatın müvəqqəti məhdudlaşdırılması 2020-ci ilin may və iyun ayları, 2020-ci ilin iyul-dekabr ayları arasında və 2021-ci ilin yanvar - 2022-ci ilin aprel ayları arasında olmaqla, üç dövrü əhatə edir. Birinci dövrdə hasilatın yüksək nisbətdə azaldılması, sonrakı dövrlərdə isə tədricən bərpa edilməsi nəzərdə tutulur. Beynəlxalq razılaşmaya əsasən 2020-ci ilin may və iyun aylarında Azərbaycan üzrə gündəlik hasilat 554 min bareldən, iyul-dekabr aylarında 587 min, 2021-ci ilin yanvar - 2022-ci ilin aprel ayları arasında isə 620 min bareldən yuxarı olmamalıdır. Qeyd olunan göstəricilər yalnız xam neftin hasilatına aiddir. Məhdudiyyətlər qaz kondensatının hasilatına şamil edilmir.

"OPEC+" razılaşmasından irəli gələn tədbirlər nəticəsində cari ilin may-dekabr aylarında Azərbaycanın xam neft hasilatı ümumilikdə 17,4 mln. barel azaldılaraq, 141,8 mln. barel təşkil edəcək, məlumatda qeyd edilir.


Create Account



Log In Your Account