Mar 10 2018 11:30
Naile Hesenova
Views: 122

Bu gün Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilir.

Qurultay nümayəndələri qeydiyyatdan keçdikdən sonra Ali Məclis başlayıb.

Qurultayda Azərbaycan Mətbuat Şurası (MŞ) sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

Qurultayda Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi də müzakirə olunacaq. Təşkilat Komitəsinin qurultaya təklifində İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması yer alır. Məsələ ilə əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik aparılmasına münasibətlərini bildirəcəklər.

MŞ İdarə Heyətinə seçilmək üçün üzv təşkilatlar tərəfindən ən çox namizədliyi irəli sürülmüş 24 jurnalistdən, 18 ictimaiyyət nümayəndəsindən və 9 internet informasiya resursu təmsilçisindən ibarət 51 nəfərin adının yer aldığı vahid seçki bülleteni tərtib edilib.

Qurultay iştirakçıları Nizamnamə dəyişikliyini qəbul etsələr, Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq. Bundan başqa, İdarə Heyətinin 2 jurnalistdən, 2 ictimaiyyət nümayəndəsindən və 2 internet informasiya resursu təmsilçisindən ibarət ehtiyat üzvləri də seçiləcək. Nizamnamə dəyişikliyi qəbul olunmasa, İdarə Heyəti əvvəlki qaydada formalaşacaq.

 

Qeyd edək ki, qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edəcək. Şuranın İdarə Heyətinin tərkibi Təşkilat Komitəsi kimi fəaliyyət göstərdiyindən qurumun üzvləri də qurultay nümayəndəsi qismində təmsil olunacaqlar.

 


Create Account



Log In Your Account