Oct 12 2017 16:30
Ferah Sabirqizi
Views: 159

Azərbaycan Avropa Şurasına üzv olduğu dövrdən indiyədək ardıcıl şəkildə müəyyən lobbi qrupların və xüsusilə də erməni təəssübkeşlərinin təzyiqi ilə üzləşib. Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AŞPA-da Azərbaycana dair qəbul olunmuş sənədlərə münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, Torbyorn Yaqland baş katib olduğu  dövrdə bu təzyiqlər daha da artıb və kəskinləşib. Əli Həsənovun sözlərinə görə, demokratiya yolu ilə inkişaf edən, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşan Azərbaycanın süni şəkildə sıxışdırılması bir daha göstərir ki, AŞPA müəyyən məqsədli dairələrin əlində təzyiq vasitəsinə çevrilib və konkret sifariş yerinə yetirir: "Əlbəttə bu kimi əsassız sənədlər qəbul etməklə Azərbaycana təzyiq göstərmək mümkün deyil. Subyektiv mülahizələrə əsaslanan bu tipli qərəzli sənədlərin qəbul edilməsi, təzyiq cəhdlərinin artması Azərbaycanı Avropa Şurası ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edir" deyən Əli Həsənov Azərbaycanın bundan sonra da öz yolu ilə irəliləyəcəyini bildirib.

Millət vəkili Çingiz Qənizadə deyir ki, AŞPA-nın iclasında Azərbaycana qarşı çıxış edən deputatların əksəriyyəti ümumiyyətlə ölkəmizdə olmayıb.  Onlar sadəcə Azərbaycanla bağlı məsələ müakirə olunan zaman zala toplaşıb başqalarının diqtəsi ilə çıxış ediblər.

AŞPA-nın son iclası bir daha göstərdi ki,  bu qurumda Azərbaycana qarşı hücumlar məqsədli şəkildə təşkil olunub.  Millət vəkili Fazil Mustafa deyir ki, bu qüvvələr Azərbaycanla Avropa Şurası arasında uçurumu dərinləşdirmək arzusundadırlar və belə sənədlərin qəbulu ilə ölkəmizə təzyiq etməyə çalışırlar.

«Amma bu cür yanaşma AŞ-nin özü üçün müəyyən problemlər yaradır. Çünki obyektivliyi itirməyə başlayıblar. Belə məsələlərdə daha soyuqqanllı davranaq,  AŞ-də olan digər parlament üzvlərini inandırmağa çalışaq ki, Azərbaycanda onların dediyi kimi məsələlər bu qədər problemli deyil. Bu baxımdan, çox işləmək lazımdı. Bununla yanaşı, hər dəfə AŞPA-ya öz sərt mövqeyimizi bildirməliyik».  

Politoloq Rasim Musabəyov əmindir ki, Azərbaycanın düşmənləri bu yolla öz məqsədlərin nail ola bilməyəcəklər. Çünki, bundan əvvəl dövlət başçısının da qeyd etdiyi kimi, Avropa Şurası Azərbaycan üçün keçilməz bir qurum deyil.

“Əslində, bu cür qətnamə ilə heç nəyə nail olmurlar. Sadəcə olaraq Azərbaycanın AŞ ilə münasibətlərinə əlavə, lazımsız gərginlik gətirirlər. Erməni lobbilərinin təsiri altında böyük dövlətlər bu cür qətnamələrnən Azərbaycana təzyiq etmək istəyirlər, düşünürlər ki, Azərbaycanı müstəqil siyasətindən döndürmək mümkündür. Düşünürəm ki, bu, mümkün deyil. O ki qaldı, mövcud problemlər - onları dialoq vasitəsilə həll etmək daha asandır, nəinki bu cür qətnamələri qəbul etməklə”.

Qeyd edək ki, dünən Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı iki qətnamə qəbul edilib. həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə 14403 saylı Qətnamə, həmçinin belçikalı parlamentar Alen Desteksenin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” 14397 saylı Qətnamə qəbul olunub. Dinləmələr zamanı həqiqətdən uzaq, ziddiyətli, qeyri-obyektiv mənbələrə istinad edən, çoxsaylı əsassız iddiaları özündə əks etdirən əlavələr təklif edilib və onların bir qismi qəbul edilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri iclasda səslənən ittihamlara cavab veriblər, bir sıra deputatların müəyyən qüvvələrin diqtəsi ilə hərəkət etdiyini bildiriblər.


Create Account



Log In Your Account