Apr 08 2020 17:00
Elshad Aliyev
Views: 161

Azərbaycanın 18 aparıcı könüllü təşkilatı və hərəkatının birləşdiyi Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi və Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı tərəfindən “Könüllü donor” aksiyasına start verilib. Azərbaycan Respublikasının Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, bu çərçivədə, Qan Bankının paytaxt və regionlarda yerləşən bölmələrinə könüllülər tərəfindən qan verilməsi nəzərdə tutulur.

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi və Milli Hematologiya və Transfuziologiya Mərkəzi bütün vətəndaşları bu təşəbbüsə qoşularaq həmrəylik nümayiş etdirməyə və qana ehtiyacı olan xəstələrə, əsasən də talassemiyalı uşaqlara yardımçı olmağa, damarlarında axan qanı hədiyyə etməyə çağırır.

“Könüllü donor” olmaq istəyən şəxslər Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankının bölgə bölməsinin (Bakı, Şirvan, Lənkəran, Quba, Şəki, Mingəçevir, Bərdə və Gəncədə) burada qeyd olunmuş nömrələri ilə əlaqə saxlayıb yaxınlaşa bilərlər. Könüllü donorlardan qan verməyə gəlməzdən əvvəl Mərkəzi Qan Bankının müvafiq bölgə bölməsi ilə bir saat əvvəldən əlaqə saxlayıb məlumat vermələri xahiş olunur.

Donor olmaq istəyən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə 1 rəqəmini (təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün) və şəxsiyyətini təsdiq edən məlumatı göndərməlidir (məsələn: 1 AZE 11111111). Yaşayış yerini tərk etmək üçün icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir.

Donorlar fiziki baxımdan sağlam olmalı, çəkisi 50 kiloqramdan yuxarı, yaş həddi 18-65 arasında olmalıdır. Aksiya zamanı donorların və onlarla işləyən tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün aidiyyəti qurumlar tərəfindən bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Hər bir donordan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdiriləcək və səhhətində problemi olmayan donorlardan götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra qan xəstəliyindən əziyyət çəkən şəxslərə yardım etmək məqsədilə istifadə olunacaq.

Qan bağışlamaq tam təhlükəsiz bir prosesdir, donor olmaqdan çəkinmə. Sən də damarlarında axan qanla onların həyat qurtaran qəhrəmanı ol. Unutmayın ki, biz birlikdə güclüyük.


Create Account



Log In Your Account