May 25 2021 11:57
Elshad Aliyev
Views: 123

Mayın 24-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Rusiya Beynəlxalq Məsələlər Şurasının birgə təşkilatçılığı ilə “Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq perspektivləri: Cənubi Qafqazda təhlükəsizlik və logistika məsələləri” mövzusunda virtual müzakirələr keçirilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov, Rusiya Beynəlxalq Məsələlər Şurasının baş direktoru Pyotr Kortunov açılış nitqləri ilə çıxış ediblər. Müzakirələrdə Azərbaycan tərəfdən, həmçinin ADA Universitetinin prorektoru Fariz İsmayılov, politoloq və jurnalist Tofiq Abbasov, Rusiya tərəfindən isə Rusiya Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aparıcı tədqiqatçısı Vyaçeslav Şuper, “Valdai” diskussiya klubunun eksperti Fərhad İbrahimov, RDY-İnvest şirkətinin baş analitiki Sofya Kortunova və hər iki tərəfdən digər ekspertlər iştirak ediblər.

Müzakirələrdə əsas diqqət Azərbaycanla Rusiya arasındakı nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, Cənubi Qafqazda təhlükəsizlik problemləri və Rusiya-Azərbaycan əməkdaşlığının bu problemin həllinə təsiri məsələlərinə yönəlib.

Rusiya ekspertlər diqqətə çatdırıblar ki, təhlükəsizlik və regional inkişaf Rusiyanın Cənubi Qafqaz siyasətinin gündəmində olan əsas məsələlərdir. Xüsusilə qeyd edilib ki, Rusiyanın əsas məqsədi Azərbaycan və Ermənistanla əməkdaşlıqda balans saxlamaq, bununla da “sıfır nəticəli paradiqma”dan uzaqlaşmaqdır.

Müzakirələr zamanı Azərbaycan ilə Rusiya arasında energetika və nəqliyyat sahələrində əməkdaşlığın inkişafı məsələsi müzakirə edilib, Rusiyanın xarici siyasətində Cənub istiqamətinin aktuallığının artdığı bildirilib. Bundan başqa, regional əlaqələrin inkişafında Rusiya–Azərbaycan–İran və Rusiya–Azərbaycan–Türkiyə üçtərəfli əməkdaşlıq formatlarının qurulması da vacib amil kimi göstərilib, “Şimal–Cənub” nəqliyyat dəhlizinin işə düşməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanlı ekspertlər Azərbaycanın Qarabağ regionunun işğaldan azad edilməsinin regional əməkdaşlıq üçün yeni imkanlar açdığını bildiriblər. Onlar Rusiyanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin bərpasında rolunun vacibliyini qeyd ediblər.

Virtual konfrans zamanı Azərbaycanla Rusiya arasında humanitar əlaqələrin dərinləşməsi, universitetlərarası əlaqələrin qurulması, alternativ enerji mənbələri, ekologiya məsələləri üzrə əməkdaşlıq və birgə tədqiqat proqramlarının icrası məsələləri də müzakirə mövzusu olub.


Create Account



Log In Your Account