Mar 19 2020 11:29
Elshad Aliyev
Views: 137

Nazirlər Kabinetinin Azərbaycanda koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə verdiyi sərəncama əsasən institutda tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdirilib. İnstitutda tələbələrin tədrisdən geri qalmaması üçün distant təhsillə bağlı bir sıra tədbirlər həyata keçirilir.

Bu fikirləri Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru vəzifəsini müvəqqəti icra edən ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov koronavirus infeksiyası ilə əlaqədar ali təhsil müəssisəsində aparılan tədbirlərlə bağlı AZƏRTAC-a açıqlamasında söyləyib.

“Bildiyimiz kimi distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Bununla əlaqədar, yeniliklərin institutda tətbiqi üçün yerli və xarici təcrübə rəhbərlik tərəfindən araşdırılır. Onu da qeyd edim ki, distant təhsilin keçirilməsi ilə bağlı İlahiyyat İnstitutunda texniki vasitələrimiz mövcuddur. Hazırda müəllimlərimiz videodərslər vasitəsilə tədris proqramını davam etdirirlər. Ali təhsil müəssisəsinin rəsmi “Facebook” və “Youtube” səhifələrində də videodərslər yerləşdirilib. Dərslər cədvələ və sillabuslara uyğun olaraq bütün kursları əhatə edir”, - deyə Aqil Şirinov bildirib.

Aqil Şirinov, həmçinin qeyd edib ki, gənclərə virusdan qorunmaq üçün vacib olmadığı təqdirdə ictimai nəqliyyatdan istifadə etməmək, insanların sıx olduğu yerlərdən uzaq durmaq və digər gigiyenik qaydalara əməl etmək tövsiyə olunub. Həmçinin tələbələrə dərs proqramından geri qalmamaq üçün Aİİ-nin rəsmi saytı, “Facebook” və “Youtube” səhifələrində yerləşdirilmiş videodərsləri müntəzəm izləmək məsləhət görülüb.


Create Account



Log In Your Account