Dec 09 2019 10:48
Elshad Aliyev
Views: 66

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Vikipediya” könüllüləri ilə görüş keçirilib.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, rektor Ceyhun Məmmədov institutda “Vikipediya” Metodik Mərkəzinin fəaliyyətə başlamasının Azərbaycan həqiqətlərinin, tolerant və multikultural mühitin təbliği, ilahiyyat elmləri sahəsində müxtəlif məqalələrin yerləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

C.Məmmədov müasir dünyada informasiya texnologiyalarından istifadənin gündən-günə artdığını qeyd edib. Bildirib ki, bu gün sərbəst elektron resursu sayılan “Vikipediya” dövrümüzdə ən populyar axtarış sistemləri sırasındadır: “Bu vasitə ilə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün fəal olmalıyıq. Görüləcək işlər isə çoxdur. Təəssüf ki, bu gün mənfur düşmən Azərbaycan reallıqlarının saxtalaşdırılması üçün bu silahdan çox məharətlə istifadə edir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, təbliği və bu cəhdlərin qarşısının alınması üçün hər birimiz gücümüzü səfərbər etməliyik. “Vikipediya” qeyd etdiyim fəaliyyət yönündə bizə yeni imkanlar yaradır”. O, eyni zamanda, tələbələrə fərdi bilik və bacarıqlarının artırılması, intellektual səviyyələrinin yüksəldilməsi istiqamətində həyata keçirilən layihələrdə fəal olmağı tövsiyə edib.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü ilə Azərbaycan İlahiyyat İnstitutunda “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayıb. Könüllülər “Vikipediya”nın Azərbaycan dili bölməsində dinşünaslıq, islamşünaslıq və digər sahələrə aid məqalələrin yazılması, sosial mediada yerləşdirilməsi və redaktə olunması ilə məşğul olurlar.


Create Account



Log In Your Account