Mar 29 2021 12:46
Elshad Aliyev
Views: 124

Azərbaycan Mətbuat Şurası “Media Defense” hüquq müdafiəsi təşkilatına bu qurumun Ermənitsan vətəndaşı olan jurnalistlərin adından Avropa Məhkəməsində Azərbaycana qarşı iddia qaldırması ilə bağlı bağlı müraciət ünvanlayıb.

APA-nın məlumatına görə, müraciətdə bildirilib:

“Media Defense” hüquq müdafiəsi təşkilatı Ermənitsan vətəndaşı olan dörd şəxsin adından Avropa Məhkəməsində Azərbaycana qarşı iddia qaldırıb. İddiada bildirilir ki, oktyabrın 1-də Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunu (Martuni yazılıb) bombardıman ediblər. Bunun nəticəsində ərazidə olan üç jurnalist yaralanıb. Onlara bələdçilik edən şəxs isə ölüb. “Media Defense”ə müraciət edənlərdən üçü jurnalist, biri isə həyatını itirmiş şəxsin qardaşıdır. 

Dağlıq Qarabağda hərbi əməliyyatlar gedişində Azərbaycan Silahlı Qüvvələri tərəfindən guya beynəlxalq hüququn normalarının pozulduğunun, jurnalistlərə hücumların adi xarakter aldığının, onların peşə fəaliyyətlərinə maneələrin yaradıldığının önə çəkildiyi məhkəmə iddiasında eyni zamanda bildirilir ki, ölkəmiz İnsan Haqları üzrə Avropa Konvensiyasının tələblərini heçə sayıb”. 

Mətbuat Şurası bununla əlaqədar olaraq bildirir ki, Ermənistanın Martuni adlandırdığı Xocavənd rayonu Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir: “Rayon otuz ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanılıb. Onun əhalisi olan azərbaycanlılar özlərinin doğma yurdlarından, evlərindən qaçqın düşmüş vəziyyətdə ömür sürüblər. Ötən müddətdə azərbaycanlıların malik olduqları təməl hüquq və azadlıqlara etinasız yanaşılıb. Azərbaycan Silahlı Qüvvələri isə İkinci Qarabağ Müharibəsi zamanı bu ədalətsizliyə son qoyub, digər işğal olunmuş ərazilərlə yanaşı, Xocavənd üzərində də nəzarəti təmin edib. 

Xocavənd rayonu beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisidir. Bu əraziyə səfərlər, o cümlədən jurnalist səfərləri Azərbaycan tərəfi ilə razılaşdırılmalı idi. Təəssüf ki, həm müharibədən əvvəl, həm də müharibə müddətində bu tələbə əməl olunmayıb, ora xaricdən və Ermənistandan çoxsaylı jurnalist səfərləri təşkil edilib”. 

Müraciətdə qeyd olunur ki, belə bir durumda media təmsilçilərinin təhlükəsizliyinin təminatı ilə bağlı məsuliyyət Ermənistanın üzərinə düşür: “Ermənistan isə otuz ilə yaxın zaman kəsiyi ərzində Azərbaycan torpaqlarını işğalda saxlayaraq beynəlxalq hüququn tələblərini saymadığı kimi, əraziyə qanunsuz jurnalist səfərləri təşkil etməklə də həmin hüquq və prinsiplərə münasibətdə aşkar etinasızlıq nümayiş etdirib. Təsadüfi deyil ki, Azərbaycan Mətbuat Şurası 9 oktyabr 2020-ci il tarixdə Dağlıq Qarabağa xaricdən jurnalist səfərləri ilə bağlı bəyanat yaymışdı. Həmin sənəddə Azərbaycanın razılığı olmadan bölgəyə jurnalist səfərlərinin həyata keçirilməsinin yolverilməzliyi, Ermənistanın bilərəkdən jurnalistlərin həyatlarını təhlükəyə atdığı, məsələni manipulyasiya predmetinə çevirdiyi vurğulanıb. Bəyanat dünyanın aparıcı media vasitələrinə və jurnalist qurumlarına, o cümlədən hüquq-müdafiə təşkilatlarına təqdim edilib.

Onu da vurğulamaq istərdik ki, 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş İkinci Qarabağ Müharibəsi zamanı da Ermənistan Respublikası nəinki Qarabağa qanunsuz jurnalist səfərləri təşkil etmişdi, habelə bu ölkənin Silahlı Qüvvələri tərəfindən özlərinin peşə borcunu yerinə yetirən istər yerli, istəsə də xarici media təmsilçilərinə qarşı hücumlar olmuşdu”, - deyə MŞ-nin müraciətində vurğulanır. 

Qeyd edək ki, Mətbuat Şurası 19 oktyabr 2020-ci il tarixdə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) çəkiliş qrupunun Ağdam rayonu ərazisində atəşə tutulması ilə bağlı beynəlxalq media qurumlarına müraciət ünvanlayıb. Şura oxşar müraciəti “Euronews” telekanalının çəkiliş qrupunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması ilə əlaqədar da edib. Təəssüf ki, bütün bunlar baş verərkən “Media Defense” hüquq müdafiəsi təşkilatı yalnız susmaqla kifayətlənib. 

“Azərbaycan Mətbuat Şurası yuxarıda qeyd edilənləri nəzərə alaraq “Media Defense” hüquq müdafiəsi təşkilatının İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan tərəfindən guya jurnalist hüquqlarının pozulması, onların sərbəst fəaliyyətinə maneçilik törədilməsi ilə bağlı ölkəmizə qarşı Avropa Məhkəməsində qaldırdığı iddianı qərəzli, qeyri-obyektiv, birtərəfli yanaşmanın, həqiqətləri aşkara çıxarmaq yox, siyasi məqsədləri reallaşdırmaq niyyətlərinin nəticəsi kimi qiymətləndirir. Şura “Media Defense” hüquq müdafiəsi təşkilatının erməni lobbi və diasporunun xəttilə, bəlli ermənipərəst siyasi dairələrin təsirilə ortaya atılmış bu sayaq oyunlarda iştirakından təəssüfləndiyini bildirir. 

Sıralarında Azərbaycanın müstəqil media qurumlarını birləşdirən Azərbaycan Mətbuat Şurası ümüd edir ki, “Media Defense” qeyd edilənləri nəzərə alacaq, özünün ədalətsiz yanaşmaya əsaslanmış himayəçilik mövqeyinə yenidən baxacaqdır. Çünki bu mövqe söz və ifadə azadlığının, jurnalist fəaliyyətinin sərbəstliyinin təmin edilməsinə dəstək yox, aşkar tərəfkeşlikdir, beynəlxalq hüququn norma və prinsiplərinə açıq sayğısızlıq niyyətlərinin gerçəkləşməsinə xidmətdir”. 

 


Create Account



Log In Your Account