Jul 11 2020 10:52
Elshad Aliyev
Views: 290

Ümumdünya Poçt İttifaqının (ÜPİ) Xidmət Keyfiyyəti Fondu (Quality of Service Fund – QSF) Şurasının iclasları COVID-19 pandemiyası səbəbindən baş tutmadığına görə tədbirin gündəliyində duran məsələlərin bir hissəsinə yazışmalar yolu ilə baxılıb, yekunda videokonfrans keçirilib. Videotədbirdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Nasir Həmidov təmsil edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı müxtəlif dünya ölkələri tərəfindən QSF proqramı çərçivəsində hazırlanaraq ÜPİ-yə təqdim edilmiş beynəlxalq poçt xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üzrə yeni layihələr müzakirə olunub.

Eyni zamanda, ölkələrin poçt şəbəkəsində icrası sona çatmış QSF layihələrinə dair yekun hesabatlar, layihələrə düzəlişlər edilməsi barədə müraciətlər, icra olunmuş layihələrin qiymətləndirilməsi üzrə hesabatlar və digər sənədlərin müzakirəsi aparılıb.

Sonda ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu Şurasının yeni dövr üzrə sədri və müavini vəzifələrinə seçkilər keçirilib. Şuranın sədri vəzifəsinə 2 namizəd – ABŞ və Fransa, sədr müavini vəzifəsinə isə bir namizəd – Azərbaycan olub. Seçkilərin nəticələrinə görə ABŞ nümayəndəsi Maykl Corc sədr, Azərbaycan nümayəndəsi Nasir Həmidov sədr müavini seçilib.

Qeyd edək ki, Şuraya dünyanın 5 coğrafi regionundan 11 ölkənin (ABŞ, Azərbaycan, Çin, Hindistan, İsveçrə, Fransa, Çili, Misir, Tunis, Tailand və Rusiya) nümayəndələri daxildir.


Create Account



Log In Your Account