Apr 13 2020 13:10
Elshad Aliyev
Views: 104

"OPEC+" ölkələri nazirlərinin X iclasında neft istehsalçıları, istehlakçıları, bütövlükdə dünya iqtisadiyyatı üçün tarixi bir razılaşma əldə olundu. Bu format çərçivəsində ilk dəfə olaraq iki illik müddəti və böyük istehsal həcmlərinin ixtisarını nəzərdə tutan və qlobal dəstəklə müşayiət olunan bir qərar qəbul edilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, "OPEC+" formatında atılan bu addımlar neft bazarına bir neçə istiqamətdə dəstək verir. Əvvəla, hasilatın azaldılması ilə bağlı qərarın mayın 1-dən icrası qarşısında bütün maneələr aradan qalxmış olur. İkincisi, bu qərarın əhəmiyyəti "OPEC+" hesabına yalnız may-iyun aylarında gündəlik hasilatın 9,7 mln barel həcmində azaldılması ilə məhdudlaşmır.

Eyni zamanda Səudiyyə Ərəbistanı, Küveyt və BƏƏ tərəfindən aprel ayında planlaşdırılan gündəlik 2,7 mln barel həcmində neft istehsal edilməyəcək. Bundan başqa bu qərar "OPEC+" formatından kənar ölkələrin də hasilatı azaltmalarını təşviq edir və ilk dəfə olaraq digər iri neft istehsalçıları da bu prosesə qoşulurlar. ABŞ-ın Meksikanın öhdəliyinin 300 min barelini öz üzərinə götürməsi buna bir nümunədir.

Məlumata görə, ABŞ, Kanada, İndoneziya, Norveç və Braziliya kimi iri neft istehsalçılarının "OPEC+" ölkələri ilə həmrəylik nümayiş etdirərək, gündəlik neft istehsalını 4-5 mln barel həcmində könüllü şəkildə azaldacaqları nəzərdə tutulur. Beləliklə, İran, Venesuela və Liviyada gündəlik xam neft hasilatının 2,8 mln. barel azalacağını da nəzərə alsaq, "OPEC+" ilə başlayan və digər ölkələrlə dəstəklənən təşəbbüs çərçivəsində mayın 1-dən etibarən dünya neft bazarına ümumilikdə gündəlik 20 mln barel az neft daxil olacaq. Bu isə koronavirus pandemiyasının neftə qlobal tələbatı kəskin zəiflətdiyi bir vəziyyətdə neft bazarına və neftin qiymət sabitliyinə çox böyük bir töhfədir.

Neft bazarında tarazlığın yaradılmasında ilkin vaxtlardan mühüm rol oynayan Azərbaycan isə bu dəfə də neft ölkələri arasında uzlaşmanın təmin edilməsində səylərini əsirgəmədi. Azərbaycanın bu prosesə töhfəsi dünənki iclasda Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdül Əziz bin Salman tərəfindən yüksək qiymətləndirildi. O, ölkələrə təşəkkür edərkən, həm 6 mart, həm də 9 aprel tarixlərində keçirilən iclaslar zamanı nümayiş etdirdiyi mövqeyinə, məsləhətləşmələr prosesində fəal roluna görə Azərbaycanın adını xüsusilə qeyd etdi və minnətdarlığını bildirdi.

Azərbaycan üzərinə götürdüyü öhdəlikləri may ayından etibarən yerinə yetirməklə neft bazarının balanslaşdırılması prosesinə töhfəsini davam etdirəcək. "Əməkdaşlıq Bəyannaməsi"nə edilmiş son düzəlişə əsasən "OPEC+" ölkələri üzrə gündəlik neft istehsalı ilə bağlı kvotalar may-iyun aylarında 9,7 mln. barel, iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində qərarlaşır.


Create Account



Log In Your Account