Apr 15 2020 16:53
Elshad Aliyev
Views: 155

Hər fürsətdə Azərbaycan dövlətinin, Azərbaycan iqtidarının üzərinə yürüməyə cəhd edən, böhtan, qarayaxma yolunu tutan "5-ci kolon"nun nümayəndələri artıq anlasınlar ki, tuduqları yolun sonu hər zaman olduğu kimi fiasko ilə nəticələnəcək. Onlar heç nəyə nail ola bilməyiblər, bundan sonra da nail ola bilməyəcəklər. Qazandıqları və qazanacaqları yalnız Azərbaycan xalqının nifrəti olacaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva söyləyib.

“Azərbaycan Prezidenti bütün vəziyyətlərdə, fors-major situasiyalarda hər zaman təmkinini, müvazinətini, soyuqqanlılığını qoruyub-saxlayır və hər zaman xalqına, dövlətinə sadiqliyini nümayiş etdirir”,- deyən deputat bildirib ki, Prezident İlham Əliyev 17 illik hakimiyyəti dövründə yüksək idarəçilik, təşkilatçılııq, lidelik keyfiyyətləri nümayiş etdirib. Dövlətimizin başçısı vətəndaşlara, ümid, inam yeri, arxa-dayaq olur, onu ümidsizləşməməyə, əksinə, daha da ümidli, inamlı olmağa ruhlandırıb. Əsl lider, əsil dövlət başçısı da məhz belə olmalıdır.

K.Əliyeva 2020-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədən bəhs edərək bildirib ki, müşavirədə dünyada və ölkəmizdə yaşanan koronavirus pandemiyası, onun cəmiyyətə, iqtisadi inkişafa, siyasi-iqtisadi islahatlar prosesinə təsirlərindən geniş və ətraflı şəkildə bəhs edildi. Dövlətimizin başçısı yaşananlara baxmayaraq, göstəricilərin ümumlikdə, yaxşı olduğunu və postpandemiya dövründə əvvəlki inkişaf, islahatlar xətininin davam etdiriləcəyini, uğurlara nail olunacağını qətiyyətli və əmin şəkildə bildirdi. Bir daha aydın oldu ki, ölkəmiz ilin yanvar, fevral aylarını çox yaxşı göstəricilərlə başa vurub. Belə ki, Ümumi Daxili Məhsul (ÜDM) 3 faizə yaxın artıb, qeyri–neft sektorunda təxminən 7 faizə yaxın artım olub. Bütövlükdə, üç ayı götürsək, ÜDM 1,1 faiz artıb. Qeyri–neft sektorunda isə 3 faizdən bir qədər çox artım baş verib və yenə də artım var.

"Təbii ki, əgər koronavirus təhlükəsi ilə üzləşməsəydik, bu artım daha da yüksək olacaqdı. Bununla belə, qeyri–neft sənaye sektorunda artım 23 faizdir. Bu, onu göstərir ki, son müddət ərzində bu sahəyə göstərilən diqqət və qoyulan sərmayə öz gözəl nəticəsini verməkdədir. İnflyasiya 3 faiz səviyyəsindədir, ilin iki ayında 2,8 faiz idi, bir qədər artıb. Əhalinin gəlirləri isə 7 faizə yaxındır. Üç ayda vergi və gömrük orqanları büdcəmizə proqnozdan əlavə 310 milyon manatdan çox vəsait daxil ediblər " - deyə K.Əliyeva vurğulayıb.

Deputat diqqətə çatdırıb ki, müşavirənin və Prezidentin nitqinin ən mühüm məqamlarından biri də odur ki, ilin sonuna qədər sosial sahədə heç bir proqram ixtisar edilməyəcək. Əksinə, bundan da artıq olacaq. Çıxışda da bildirildiyi kimi, təkcə lazımi avadanlıqların, ləvazimatların alınması üçün bu yaxınlarda Prezidentin ehtiyat fondundan 97 milyon manat ayrılıb və bundan sonra da ilin sonunadək nə qədər lazımdırsa, ediləcək. Bütün sosial ödənişlər aparılır. Orta aylıq əməkhaqqının 28 faiz, orta pensiyanın təqribən 27 faiz artması da onu göstərir ki, bu istiqamətdə müsbət işlər görülür. Artıq orta aylıq əməkhaqqımız 712 manatdır, orta pensiya 295 manatdır. Yaşa görə pensiya isə 330 manata yaxındır. Bununla belə, maaşlar, pensiyalar ildən-ilə artırılır. Təsadüfi deyil ki, ötən il 4,2 milyon insan dövlət tərəfindən qəbul edilmiş proqramlardan yararlanıb. Eyni zamanda, bu il bütün sosial infrastruktur obyektlərinin tikintisi də ixtisarsız icra ediləcək. Minimum 7 min köçkün ailəsi yeni mənzillərə köçürüləcək və minimum 1500 şəhid ailəsinə yeni mənzillər veriləcək.

“Bunlar insanı sevindirməyə, qürurlandırmaya bilməz. Bu qədər çətinliklərə baxmayaraq, dünyada iqtisadiyyatların çökdüyü bir dönəmdə bu kimi addımların atılması böyük uğurdur, gerçəklikdir. Bu, Azərbaycan nümunəsi, Azərbaycan modelidir və bunun da tək ünvanı, tək sahibi var: Prezident İlham Əliyev. Qoy bunu bizi sevənlər də, sevməyənlər də, uğurlarımızı alqışlayanlar və alqışlamayanlar da bilsin.

Müstəqil və suveren Azərbaycanımız isə ölkə Prezidentinin müdrik rəhbərliyi ilə xalqımızla birlikdə yeni xariqələr yaradacaq, yeni zəfərlər qazanacaq. Hər kəs buna əmin olsun”, - deyə K.Əliyeva vurğulayıb.


Create Account



Log In Your Account