Apr 24 2020 12:34
Elshad Aliyev
Views: 87

"Bakı Şəhər Halqası" Əməliyyat Şirkəti (BŞH) davam edən COVID-19 qlobal pandemiyası səbəbindən qeyri-müəyyən müddətə təxirə salınan Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı son vəziyyətə aydınlıq gətirib.

AZƏRTAC BŞH-yə istinadla xəbər verir ki, builki çempionatın ilkin yarış cədvəlində iyunun 5-7-də keçirilməsi nəzərdə tutulan Formula 1 Azərbaycan Qran Prisinin təxirə salınması barədə qərar Azərbaycan hökuməti, Formula 1 rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən uzun müddət aparılan üçtərəfli danışıqlardan sonra qəbul edilib.

Hazırda Formula 1 dünya çempionatının bütün iştirakçıları mövcud vəziyyəti izləməkdə davam edirlər. Əməliyyat şirkəti bütün işçi, azarkeş və komandalarla yanaşı, Azərbaycan xalqının sağlamlığı və rifahına təhlükə yaradacaq addım atmaqdan çəkinir və bəyan edir ki, vəziyyət sabitləşməyənədək, həmçinin karantin tədbirləri tam aradan qaldırılmayanadək Formula 1-in Bakı yarışı üçün dəqiq tarixin edilməsi mümkün olmayacaq.

Azərbaycan Qran-Prisinin promouteri yarışı izləyicisiz keçirməyi məqsədəuyğun hesab etmir və ümid edir ki, bu il iyunun sonundan etibarən Bakıda Formula 1 komandalarını və azarkeşlərini qəbul edə biləcək təhlükəsiz şərait tam bərpa olunacaq.

Regionun iqlim şəraitinin nəzərə alınmasının vacibliyini qeyd edən əməliyyat şirkəti ilə Formula 1 rəhbərliyi Bakı yarışının oktyabrın ortalarınadək keçirilməsinin məqsədəuyğun olacağı barədə həmfikirdir.

Qeyd edək ki, Formula 1-in Bakı yarışı paytaxtın mərkəzi küçələrində keçirilir və yarış trekinin qurulması üçün azı 12 həftə tələb olunur. Bu baxımdan, builki Azərbaycan Qran-Prisinin yeni tarixi barədə yekun qərarın iyul ayının ilk həftəsindən gec olmayaraq qəbul edilməsi zəruridir.


Create Account



Log In Your Account