Dec 19 2019 12:56
Elshad Aliyev
Views: 134

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və İsveçrə Hökumətinin birgə təşkilatçılığı ilə dekabrın 17-18-də Cenevrədə keçirilən ilk Qlobal Qaçqın Forumunda (QQF) iştirak etmək üçün İsveçrədə səfərdə olub.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, Forumun həmtəşkilatçıları qismində iştirak edən Türkiyə və Kosta-Rika Prezident, Pakistan, Efiopiya, Almaniya isə müvafiq olaraq Baş Nazir, Baş Nazirin müavini və Xarici İşlər naziri səviyyəsində təmsil olunublar.

Forumun məqsədi dünyada artan qaçqın probleminə ən yüksək səviyyədə diqqəti yönəltmək, eləcə də bu problemin həllində dövlətlərin fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Bu fəaliyyətlərə qaçqınlara davamlı dəstəyin göstərilməsi, onların cəmiyyətə inteqrasiyası üçün qanunvericilikdə və siyasətdə dəyişikliklərin edilməsi və sair kimi əhəmiyyətli addımlar daxildir.

DMX-in rəisi Vüsal Hüseynov forumun plenar sessiyasında çıxış edərək qaçqınların sayının, eləcə də ehtiyaclarının artdığını, lakin görülən tədbirlərin mövcud vəziyyətlə ayaqlaşa bilmədiyini diqqətə çatdırıb. Azərbaycan Hökumətinin Qaçqınlar üzrə Qlobal Paktı dəstəklədiyini bildirən Xidmət rəisi ölkəmizin də qaçqın axınları ilə bağlı acı təcrübəyə sahib olduğunu, Dağlıq Qarabağ regionu və ətraf ərazilərin Ermənistanın işğalı nəticəsində hökumətin bir milyondan çox qaçqın və məcburi köçkünü qəbul etdiyini vurğulayıb. Xidmət rəisi Ermənistanın davam edən işğalçılıq və aqressiya siyasəti nəticəsində yüz minlərlə insanın öz yurd-yuvalarına qayıda bilmədiyinə diqqət çəkib. Qaçqın probleminin həllində onun kökündə duran səbəblərin aradan qaldırılmasının, bu istiqamətdə həmrəyliyin və birgə təşəbbüslərin gücləndirilməsinin önəmini qeyd edən Vüsal Hüseynov üçüncü ölkələrdən olan qaçqınların hüquqlarının müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində ölkəmizdə həyata keçiriləcək tədbirlər barədə məlumat verib.

Bundan əlavə, Azərbaycanın hazırda Qoşulmama Hərəkatına sədrlik etdiyi vurğulanıb və bununla əlaqədar təşkilatın Forumla bağlı bəyanatı səsləndirilib. Bəyanatda bu ilin oktyabrında Bakıda keçirilmiş Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşünə istinad edilərək, Hərəkatın üzvü olan dövlətlərin də Qaçqınlar üzrə Qlobal Pakta mühüm əhəmiyyət verdikləri bildirilib. Qaçqınların hüquqlarının müdafiəsi və təşviqinin Hərəkata üzv dövlətlər üçün vacibliyi qeyd edilib. Forumun BMT-yə üzv dövlətlər və digər iştirakçılar arasında uğurlu təcrübələrin mübadiləsi üçün önəmli platforma olduğu diqqətə çatdırılıb.

Səfər çərçivəsində Xidmət rəisinin Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorino ilə görüşü olub. Görüşdə tərəflər arasında hazırda icrası davam etdirilən layihələr, yeni layihə təklifləri və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Forumda, eləcə də görüşdə Azərbaycan nümayəndə heyətinin tərkibində ölkəmizin Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov və əməkdaşları, eləcə də Xarici İşlər Nazirliyinin Humanitar və sosial məsələlər idarəsinin rəisi Əlimirzamin Əsgərov iştirak ediblər.


Create Account



Log In Your Account