Nov 26 2019 11:11
Elshad Aliyev
Views: 465

Rusiya Federasiyası Tatarıstan Respublikasının Bolqar şəhərində Rusiya Elm və Ali Təhsil Nazirliyinin dəstəyi ilə Bolqar İslam Akademiyasının və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, Rusiya Müsəlmanları Mərkəzi Dini İdarəsinin, eləcə də Rusiya və Tatarıstan müsəlmanları dini idarələrinin təşkilatçılığı ilə “İlahiyyat məktəbinin dirçəlişi kontekstində islamşünaslıq tədqiqatlarının təcrübəsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, beynəlxalq tədbirdə Rusiya alimləri ilə yanaşı, Fransa, Livan, Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Qırğızıstan, Tacikistan, Finlandiya və digər ölkələrdən din xadimləri, aparıcı mütəxəssislər, ilahiyyatçı ekspertlər və alimlər iştirak ediblər.

Konfransda Azərbaycanı Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Tahir Şahbazov təmsil edib.

Tahir Şahbazovun “Azərbaycanda dinlərarası dialoqda və multikultural cəmiyyətin inkişafında Heydər Əliyev Fondunun rolu” mövzusunda məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Müxtəlif din təmsilçilərinin iştirak etdiyi konfrans çərçivəsində 4 diskussiya paneli keçirilib, seminarlarda islamşünaslığın və İslam ilahiyyatçılığının inkişaf perspektivləri, islamşünaslıq tədqiqatları üzrə Rusiya və digər ölkələrin təcrübə mübadiləsi, dinlərarası dialoq, təhsil sistemində ənənəvi dinlərin potensialının istifadəsi kimi mövzular müzakirə olunub.


Create Account



Log In Your Account