May 22 2020 13:54
Elshad Aliyev
Views: 36

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Tümen vilayətinin Qubernatorunun, “Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatının və “Caspian European Club”un dəstəyilə təşkil olunmuş “Azərbaycan-Tümen” ikinci beynəlxalq onlayn “B2B Forum”u çərçivəsində şirkətlərin koronavirus pandemiyası dövründə qarşılaşdıqları məsələ və təkliflər, həmçinin postpandemiya mərhələsində əməkdaşlığın fəallaşması imkanı öyrənilib.

Klubdan AZƏRTAC-a bildirilib ki, forumun moderatorları “Opora Rossii” təşkilatının vitse-prezidenti, Tümen vilayəti Dumasının deputatı Eduard Omarov və “Caspian European Club” və “Caspian Energy” qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev olub.

“Bütün yeniliklər yaxşıca unudulmuş köhnələrdir. İlk telekörpü 1982-ci ildə təşkil edilib. Bu günə qədər biz əyani görüş olmadan digər təşkilat və dövlətlərlə əməkdaşlığı təsəvvür belə edə bilmirdik. Bu gün isə sanki ilk telekörpülər dövrünə qayıtmışıq və yenidən onlayn ünsiyyət qurmağı, bunu səmərəli etməyi öyrənirik. Son iki ayda onlayn formatda iş göstərdi ki, minimal xərclərlə yüksək nəticələr əldə etmək mümkündür”, - deyə E.Omarov söyləyib.

“Azərbaycan-Rusiya münasibətləri hazırda çox yüksək səviyyədədir və bu, ilk növbədə dövlət başçılarımızın işinin nəticəsidir. Biz ilk forumu Tümen vilayətinin Qubernatorunun iştirakı ilə keçirdik və bununla kifayətlənməməyi qərara aldıq. Bu gün biz daha geniş sahibkar auditoriyası ilə dialoq qura bilərik və onlayn format buna imkan verir. Ənənəvi konfranslarda yalnız özündən sağdakı və soldakı insanla ünsiyyət qurmaq imkanı olduğu halda, onlayn meydanda biz çat vasitəsilə istənilən iştirakçının əlaqələrini əldə edə və ünsiyyəti davam etdirə bilərik”, - deyə T.Əliyev qeyd edib.

“Mən konfransın yekununda iki istiqamət üzrə böyük perspektiv gördüm: birinci - neft sənayesi, kənd təsərrüfatı və turizm işi üzrə təcrübə mübadiləsi; ikinci – Tümen vilayəti ilə birgə müştərək müəssisə yaratmaq imkanı”, - deyə KOBİA-nın sədr müavini Rüfət Atakişiyev bildirib.

Tümen vilayəti Qubernatorunun müavini Andrey Pantelyeyev keçirilən tədbirlərin potensialını qiymətləndirərkən qeyd edib: “Tümen vilayəti hökuməti çoxdandır ixracatın inkişafı məsələsi üzərində çalışır. Azərbaycanla ticarət münasibətlərində biz 3 milyon dollardan artıq rəqəmi ötmüşük. Ticarət dövriyyəsinin inkişafı üçün imkanlar mövcuddur”.

İki saat davam edən forum çərçivəsində müzakirələrə, həmçinin iki ölkənin iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri də qoşulublar.

Çıxışların sonunda fikir mübadiləsi aparılıb. Şirkətlərin top-menecerləri və nümayəndələri spikerlərə onları maraqlandıran suallar veriblər. Müzakirələrin hər ay iki-üç tərəfli formatda davam etdirilməsi qərara alınıb. “Opora Rossii” təşkilatı ilə birgə keçirilməsi planlaşdırılan növbəti beynəlxalq onlayn “B2B Forum”u “Azərbaycan-Rusiya-Qazaxıstan” üçtərəfli əlaqələrinə həsr olunacaq.

“Caspian European Club” tərəfindən yaradılmış beynəlxalq onlayn “B2B Forum”u beynəlxalq biznes-netvorkinq üçün unikal platformadır. Forum çərçivəsində biznes nümayəndələri biznesin inkişafı üzrə təkliflərini bölüşür və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatlarının müxtəlif sahələrinə aid şirkət rəhbərləri ilə yeni işgüzar əlaqələr qururlar.

 


Create Account



Log In Your Account