May 24 2019 13:00
Naile Hesenova
Views: 155

“Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi bölgədəki vəziyyətə də öz təsirini göstərib”. Bu fikir Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə keçirilən Qafqazşünasların II Beynəlxalq Forumunda səslənən əsas tezislərdən biri olub. İştirakçılar vurğulayıblar ki, Qafqaz - bəşəriyyətin, insanlığın mövcud olduğu tarixdən etibarən mədəniyyətin beşiyi olan məkanlardan biridir. Qafqaz regionu siyasətin, hərbi güclərin çarpışdığı strateji bir məkandır. Bu ərazi XXI əsrdə də strateji önəmini qoruyub saxlayır. 

Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Belarus və digər ölkələrdən 200-dən çox  tədqiqatçı müasir münaqişələrin həllində tarixçilərin rolunu vurğulayıblar.  Bizə müsahibə verən  qonaqlar bildiriblər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bölgədə sülhün təmin edilməsi üçün başlıca şərtdir.

Türkiyənin Bolu Abant İzzət Baysal Universetinin professoru Kamer Kasım deyir ki, münaqişə həm Azərbaycana, həm də Türkiyə-Ermənistan, Türkiyə-Azərbaycan münasibətlərinə təsir göstərib: “Ermənistanın bu hərəkəti qarşısında Türkiyə 1993-cü ildə, Kəlbəcərin işğalından sonra Ermənistanla sərhədləri bağladı. Yəni, Türkiyə-Ermənistan münasibətinin normalaşa bilməməsinin ən önəmli səbəbi Ermənistanın işğal siyasətində israrçı olmasıdır. Bunda başqa, Ermənistanın bu işğal siyasəti enerji layihələrinin də istiqamətini dəyişib. Məsələn, Ermənistan bu işğal siyasəti nəticəsində enerji layihələrindən kənarda qaldı. Beləliklə, Türkiyə Gürcüstan və Azərbaycan arasında üçlü enerji körpüsü oldu”. 

AMEA Qafqazünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev də bildirir ki, bu münaqişə olmasaydı, bu gün regionda hər bir ölkənin iqtisadi qüdrətinə müsbət təsir edərdi:

“Xarici, daxili siyasətdə başqa istiqamətlər götürülərdi. Biz bütün Qafqaz xalqlarına, bütün region dövlətlərinə, dünyaya bir mesaj göndərmək istəyirik ki, birgə yaşayış, səmimi, sakit, hərbisiz yaşayış həddindən artıq yüksəkdir, gözəldir”. 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi Faiq Ələkbərli deyir ki, bu cür münaqişə ocaqlarının həlli Qafqazda stabilliyin yaranması, xüsusilə də Cənubi Qafqaz ölkələrinin inkişafına müsbət təsir göstərəcək: “Əlbəttə, bunun üçün xüsusilə də, Ermənistan özündə cəsarət tapmalıdır və bu münaqişənin həllində beynəlxalq hüququn ifadə etdiyi ədalət prinsipinə əməl etməlidir. Əks təqdirdə, Cənubi Qafqaz, bütövlükdə isə Qafqaz gərginlik və münaqişə ocağı olaraq qalacaq”. 

Qazaxıstanlı politoloq Gülnar Kozqambayeva bildirir ki, bu münaqişə sülh yolu ilə öz həllini tapmalıdır. Əks təqdirdə, regionda stabillik və təhlükəsizlikdən söz gedə bilməz. Bu isə ilk növbədə Ermənistanın özünə problemlər yaradır. 

Belarus Dövlət Universitetinin professoru Vyaçeslav Menkovski bildirib ki, tarixə baxış olmadan heç bir müasir münaqişə həll oluna bilməz. Çünki hər kəs tarixə istinad edir. Tarixçilər ekspert kimi tarixin bizə öyrətdiyi əsas dərsləri açıqlaya bilər. Bu da odur ki, istənilən münaqişə dövlətlərin və insanların həyat tərzini pisləşdirir. Müharibə heç kimə üstünlük vermir. Xüsusilə də müasir dövrdəki savaşlar hər iki tərəfə yalnız itki və dağıntı gətirir”.

Ukraynalı tarixçi Oleq Kupçik deyir ki,  Qafqaz regionu hazırda böyük dövlətlərin üzərində hakim olmaq istədikləri, mənfəətlərinin çarpışdığı bir yerdir. Lakin digər regionlarda da hərbi gücün tətbiq olunduğu problemlər yaranır.

“2014-cü ildən etibarən bizim ümumi problemimiz var. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyünə təcavüz nəticəsində yaşanan bir problemdir. 2014-cü ildən isə Ukrayna da oxşar problem yaşayır.  Bu ümumi problemləri müzakirə etmək, onlar haqqında danışmaq lazımdır”.

Türkiyəli tarixçi alim Nihat Büyükbaş da hesab edir ki, münaqişələrin hərbi yolla həlli yaxşı nəticəyə gətirib çıxara bilməz.  Heç olmasa tarixçilər öz hökumətlərinə bunu izah etməlidir. 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” layihəsi çərçivəsində təqdim olunur. 


Create Account



Log In Your Account