May 11 2020 14:21
Elshad Aliyev
Views: 196

Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin onlayn iclası keçiriləcək. APA-nın məlumatına görə, Milli Məclisinin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycan tərəfi olaraq, bu iclasın onlayn rejimdə keçirilməsini təklif edib.

“Azərbaycan tərəfi olaraq, mən Türkiyənin Böyük Millət məclisinin Xarici İşlər Komissiyasının rəhbəri cənab Volkan Bozkır və Gürcüstan Parlamentinin xarici əlaqələr Komitəsinin sədri İrakli Beraia ilə danışıqlarda bu iclasın onlayn rejimdə keçirilməsini təklif etdim. Hər iki həmkarım bu təklifə müsbət yanaşdı. Beləliklə də, may ayın 12-də onlayn rejimdə Azərbaycan-Türkiyə-Gürcüstan arasında keçiriləcək üçtərəfli iclasda ölkələr arasında siyasi, iqtisadi, mədəni əlaqələrimiz geniş şəkildə müzakirə ediləcək”- deyə millət vəkili bildirib. 

S. Seyidov qeyd edib ki, bununla yanaşı, dünyanın bir sıra ölkələrində COVİD-19 yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərə dair Azərbaycanın təcrübəsi, elan edilmiş karantin rejimi, bu rejimin yumşaldılması ilə əlaqədar meydana çıxan təhlükə də müzakirə obyekti olacaq: “İclasda həmçinin Prezident İlham Əliyevin bu yaxınlarda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü və Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli Zirvə görüşündə təqdim etdiyi, Azərbaycanın COVİD-19 pandemiyası ilə mübarizə üsulları və təcrübəsi də həmkarlara çatdırılacaq. O cümlədən, postpandemiya dövründə infeksiyanın ikinci dalğasının qarşısını almaq istiqamətində birgə fəaliyyətdə Parlamentlərin rolunu müzakirə etmək niyyətindəyik. Heç kim üçün sirr deyil ki, bu dəhşətli infeksiya hələ də böyük təhlükə mənbəyi olaraq qalır. Karantin rejiminin yumaşaldılması zamanı lazımı qaydalara riayət edilmədiyi halda bu təhlükə artmaqda davam edəcək. Buna görə də cənab Prezidentin dediyi kimi, Bu bəlanın bir əlacı var, o da birgə fəaliyyətdir. Üç ölkənin Parlament nümayəndələri olaraq bu birgə fəaliyyəti müzakirə etmək niyyətindəyik”.

Qeyd edək ki, Azərbaycan Türkiyə və Gürcüstan Parlamentlərinin Beynəlxalq əlaqələr üzrə komitələri müntəzəm olaraq üçtərəfli formatda görüşlər keçirir. Azərbaycanın təşəbbüskarı olduğu ilk görüş Gürcüstan və Türkiyə parlamentinin komitə sədrlərinin iştirakı ilə Bakıda keçirilib. Cari ilin may ayında Gürcüstanda keçirilməsi planlaşdırılan növbəti iclas dünyada yayılan yeni koronovirus COVİD-19 infeksiyasına görə təxirə salınıb.


Create Account



Log In Your Account