Feb 25 2020 11:34
Elshad Aliyev
Views: 50

Azərbaycan Universitetinin tələbələri üçün “Xocalı – zülmət bir gecə” filminin təqdimatı keçirilib. Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, publisist Səriyyə Müslümqızının yeni layihəsi olan film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb. Filmdə Xocalı soyqırımında ermənilərin girovluğunda olan soydaşlarımızın ağlasığmaz işgəncələrə məruz qaldığı onların özü tərəfindən nəql edilir.

Əvvəlcə Xocalı qurbanlarının, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Xocalı soyqırımı haqqında tarixi faktlar diqqətə çatdırılıb, ölkəmizin 1992-ci ildə Xocalıda baş verənlərin beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması ilə bağlı sistemli təbliğata nail olduğu qeyd edilib.

Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Müslümqızı Xocalı soyqırımının qəddarlıq baxımından tarixin ən qanlı səhifələrindən biri olduğunu, faciəni gözləri ilə gördüyünü və “o gecə”nin içindən keçdiyini bildirib. O, indiyə qədər Xocalı soyqırımından bəhs edən 5 film ərsəyə gətirdiyini qeyd edərək faciənin beynəlxalq miqyasda tanıdılması üçün daha çox iş görülməsinin vacibliyini bildirib və “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının konkret nəticələrini diqqətə çatdırıb.

İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı və qırğınların tarixi kökləri haqqında danışıb, tarixi unutqanlıq və yaddaşsızlığın hər bir xalq üçün faciəvi nəticələrə səbəb olduğunu vurğulayıb. Qabil Əliyev Xocalı soyqırımının tanıdılması istiqamətində hər bir azərbaycanlının, o cümlədən gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Tədbirdə S.Müslümqızının yenidən nəşr olunan “Onlar heç vaxt böyüməyəcəklər” kitabı haqqında da məlumat verilib. Bildirilib ki, Azərbaycan, ingilis, rus və türk dillərində nəşr olunan kitabda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş soyqırımında şəhid olan 63 uşaqdan bəhs olunur.


Create Account



Log In Your Account