Nov 24 2017 18:29
Naile Hesenova
Views: 440

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın mədəniyyət naziri Fransuaz Nissen ilə görüşüb. Görüşdə ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

İki ölkə arasında mədəniyyət sahəsində dörd mühüm sazişin imzalandığını qeyd edən nazir Ə.Qarayev Azərbaycanın son illərdə Fransa ilə mədəniyyət sahəsində əməkdaşlığın inkişafı sahəsində mühüm layihələr həyata keçirdiyinı, xüsusilə Heydər Əliyev Fondu ilə birgə Fransanın bir çox bölgələrində mədəniyyət günlərinin təşkil edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, mədəniyyət, kitabxana, muzey sahələrində əlaqələri daha da dərinləşdirmək lazımdır. Nazir fransız həmkarını Azərbaycana səfərə dəvət edib.

Fransuaz Nissen mədəniyyət sahəsində əlaqələrin daha da genişləndirilməsi sahəsində azərbaycanlı həmkarı ilə həmfikir olduğunu deyib, gələcəkdə birgə layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Sonra Ə.Qarayev fransalı həmkarını Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fransada həyata keçirilmiş layihələr, ölkəmizin mədəniyyətlərarası dialoqa töhfələri və bu istiqamətdə beynəlxalq fəaliyyətləri haqqında məlumat verib. O, ölkəmizin qarşılıqlı əməkdaşlığın gələcəkdə daha da dərinləşdirilməsi üçün bütün layihə və təşəbbüslərə açıq olduğunu vurğulayıb.

Nazir ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi rəsmi Parisin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının həm işğalçı ölkə, həm də separatçı rejim tərəfindən Fransa ərazisində təbliğinin qarşısının alınması üçün ciddi addımlar atmasının zəruriliyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev də iştirak edib.

 


Create Account



Log In Your Account