Jul 10 2018 17:07
Ferah Sabirqizi
Views: 595

Bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib. Prezident seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana edən Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Türkiyənin dövlət başçısı Fəxri xiyabanda milli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, önünə əklil qoyub. Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanına gedib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib. Türkiyə Prezidenti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb. Ərdoğan buradkə Xatirə kitabına ürək sözlərini yazıb.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və  Türkiyə prezidentləri arasında təkbətək görüşü olub. Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə inam ifadə olunub. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdən sonra prezidentlər mətbuat qarşısında açıqlama ilə çıxış ediblər.

Azərbaycan və Türkiyə dövlət başçılarının hər dəfə prezident seçkisindən sonra ilk rəsmi səfəri qardaş dövlətə etməsi artıq ənənə halını alıb. Prezident İlham Əliyev də bu il aprelin 11-də keçirilmiş prezident seçkilərindən sonra ilk səfərini növbəti dəfə qardaş Türkiyəyə etmişdi. Bu səfərlər həm iki ölkə arasında olan münasibətlərin ümumi ruhundan, qardaşlıq bağlarına söykənməsindən, həm də münasibətlərin strateji xarakterindən qaynaqlanır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində Türkiyə qədər Azərbaycana dəstək verən ikinci ölkə yoxdur. Türkiyə hər zaman beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edir.


Create Account



Log In Your Account