Sep 08 2017 11:32
Naile Hesenova
Views: 747

Amerika Birləşmiş Ştatlarının Yaxın Şərq İnstitutunda Azərbaycan Xalçaları sərgisi təşkil olunub.  Vaşinqton şəhərinin mədəni həyatının əlamətdar hadisəsi olan bu tədbirdə səfirlər, dövlət qurumları, beyin mərkəzləri və QHT təmsilçiləri, habelə şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Açılış mərasimində çıxış edən Azərbaycanın Amerika Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanov xalça sənətinin Azərbaycan mədəniyyətinin əsas incilərindən olduğunu deyib. Bildirib kİ, Azərbaycan xalçaları incəsənət əsəri olmaqla yanaşı həmçinin Azərbaycanın tarixini və inkişafını, coğrafi əhatəliyini və mədəni xüsusiyyətlərini izah edir. Sərgidə Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, İrəvan və Naxçıvan xalça məktəbinin nümunələri nümayiş etdirilib.

Ziyarətçilərə əllə toxunmuş xalçalar barədə geniş izahlar verilib və onların çoxsaylı sualları cavablandırılıb. Sərgi ziyarətçilərin böyük marağına səbəb olub.

ABŞ vətəndaşı Con Vinqs həmişə türk xalçaları ilə maraqlandığını bildirib: "Mənim də türk xalçalarım var. Həmin xalçaların qədim naxışları çox oxşardır. Onları üzərindəki həndəsi fiqurlarına görə özəl hesab edirəm. Onların hər biri Azərbaycanın müxtəlif bölgələrinin mədəniyyətini özündə əks etdirir.  Qədim ilmələr, naxışlar yeni xalçalarda öz əksini tapıb. Hesab edirəm ki, beləliklə, mədəni irs qorunub saxlanır. Bu, həqiqətən vacib amildir ki, qədim Azərbaycanın, hətta kiçik şəhərlərində, kəndlərində yaşayan əhalinin adət-ənənəsi mədəni irsin daşıyıcıları kimi gələcək nəsillərə ötürülür".

ABŞ-da yaşayan azərbaycanlı Alina Qasımova bildirib ki, Azərbaycanda toxunan xalçalar dünyanın heç bir ölkəsində istehsal olunmur:"Bu, müxtəlif rənglərin və elementlərin gözəlliyidir. Bu incəliyi heç kim Azərbaycandakı kimi təqdim edə bilmir. Mən hesab edirəm ki, Azərbaycan xalçalarını Amerikada daha çox tanıtmalıyıq. Mən burada Azərbaycan xalçalarını sevən çoxlu amerikan ailəsi tanıyıram. Biz Azərbaycan xalçalarını tanıtmağa davam etsək, bu, Azərbaycan mədəniyyətini Amerikada daha yaxşı tanıtmağa imkan verəcək".
 
Azərbaycan xalçalarının növbəti həftə Nyü York şəhərində nümayiş etdirilməsi planlaşdırılır.

 


Create Account



Log In Your Account