Feb 21 2017 17:44
Ulviyye Sabirqizi
Views: 1475

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Belçika arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar Belçika xalqını, həmin ölkənin baş nazirinin müavini, xarici işlər naziri Didye Reynders isə Azərbaycan xalqını təbrik edib.

XİN-in mətbuat xidmətindən CBC-yə verilən məlumata görə, E. Məmmədyarov iki ölkə arasında sıx əməkdaşlıq əlaqələri və səmərəli siyasi dialoqun mövcudluğunu vurğulayaraq, 6 fevral 2017-ci ildə Belçika Krallığına yüksək səviyyəli səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və kral Filip arasında keçirilmiş görüşün buna bariz nümunə olduğunu diqqətə çatdırıb.

Nazir Azərbaycan və Belçika arasında iqtisadi əməkdaşlığın uğurla davam etdiyini və bu əməkdaşlığın genişləndirilməsi üçün mühüm potensialın mövcud olduğunu qeyd edib. O həmçinin son illərdə Azərbaycanda Belçika mədəniyyətinin, Belçikada isə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə keçirilmiş çoxsaylı tədbirlərin xalqlarımızın daha da yaxınlaşmasına töhfə verdiyini vurğulayıb.

D. Reynders isə Azərbaycanın keçmiş SSRİ respublikaları arasında Belçika ilə diplomatik münasibətlər quran ilk ölkə olduğunu qeyd edərək, ötən 25 il ərzində iki ölkə arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini vurğulayıb. Sözügedən müddət ərzində həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin, parlamentlər səviyyəsində mütəmadi görüşlərin Azərbaycan və Belçika arasında siyasi əməkdaşlığın inkişafına töhfə verdiyini bildirib.

 


Create Account



Log In Your Account