Apr 30 2020 13:12
Elshad Aliyev
Views: 56

Dünya ölkələrinin koronavirus pandemiyasının yaratdığı böyük çətinliklərdən əziyyət çəkdikləri bir vaxtda Azərbaycan xalqının sağlamlığının qorunması, insanların rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır. Möhtərəm Prezidentimizin tapşırıqları ilə həyata keçirilən bu tədbirlər ölkə vətəndaşları tərəfindən böyük razılıqla qarşılanır. Dövlətimizin başçısının rəhbərliyi ilə koronavirus pandemiyası şəraitində reallaşdırılan bənzərsiz sosial müdafiə tədbirləri “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikirlərinin təsdiqi və bütün bunların əməli işlərlə tamamlandığının sübutudur.

Bu fikirləri AZƏRTAC-a politoloq, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı sədrinin müavini Mehman İsmayılov bildirib.

Mehman İsmayılov deyib: “Cənab İlham Əliyev güc mənbəyi olan xalqının hər bir nümayəndəsinin Prezidenti olduğunu 17 ildir ki, hər gün, hər saat öz əməli fəaliyyəti, düşünülmüş daxili və xarici siyasəti, konkret əməli addımları ilə sübut edir. Koronavirus pandemiyasının tüğyan etdiyi vaxtda ölkə vətəndaşları da bunun bir daha şahidi oldu. Cənab Prezident yoluxucu xəstəlik dövründə insanların sağlamlığını və həyatını hifz etməyi, onların sosial müdafiəsini təmin etməyi, eyni zamanda, iqtisadi fəallığı həyata keçirməyi prioritet vəzifə kimi müəyyənləşdirdi. Bu istiqamətdə mərhələli şəkildə kompleks tədbirlər həyata keçirilir. Bu məqsədlə sosial təcrid siyasəti və karantin rejiminin tətbiqi prosesi mərhələli sərtləşmə addımları ilə müşayiət olunur. Bu tədbirlərin ilkin olaraq aprelin 20-dək davam etdirilməsi nəzərdə tutulsa da, həmin müddətin mayın 4- nə qədər uzadılması qərara alınmışdır.

Dövlətimizin başçısına ünvanlanan çoxsaylı təşəkkür məktublarında pandemiyadan ziyan çəkən sahibkarlıq subyektlərinə, mikro sahibkarlara, təxminən 600 min nəfərə dövlət tərəfindən ciddi maliyyə dəstəyinin göstərilməsi, dövlət sektorunda çalışan bir milyona yaxın işçinin mütləq əksəriyyətinə işləmədikləri halda, əməkhaqqının ödənilməsi, ilkin olaraq 200 min nəfərin hər birinə aprel və may ayları üzrə 190 manat ödənişin verilməsi nəzərdə tutulsa da, onun əhatə dairəsinin 600 min nəfərə çatdırılması, ünvanlı sosial yardımın əvvəlki 70 min deyil, 80 min ailəyə (330 min nəfər) şamil edilməsi, özünüməşğulluq proqramına 12 min ailənin cəlb edilməsi, əhaliyə kommunal və kredit güzəştlərinin həyata keçirilməsi və digərləri bu qəbildən olan insanlara əhəmiyyətli addımların atılması , razılıq və məmnunluq hissi yaradır.

Mövcud reallıq Azərbaycan dövlətinin neqativ tendensiyaları layiqli qarşılamaq, zamanın istənilən çağırışına cavab vermək iqtidarında və əzmində olduğunu nümayiş etdirir. Bütün bunlar bir daha təsdiqləyir ki, dövlətimiz məhz zəruri iqtisadi və maliyyə imkanlarına arxalanaraq daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib və göstərməkdədir.

Möhtərəm Prezidentimizin uzaqgörən siyasətinin nəticəsi olaraq, koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir. İnsanların sosial müdafiəsi getdikcə daha da gücləndirilir. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Bütün bunlar dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstərir. Məhz bunun nəticəsidir ki, Azərbaycan öz vətəndaşlarının sağlamlığının qorunması baxımından nümunəvi dövlətlər sırasında yer alıb”.


Create Account



Log In Your Account