Mar 06 2020 14:44
Elshad Aliyev
Views: 34

Azərbaycan Respublikası ilə qonşu olan ölkələrdə koronavirusa yoluxma hallarının artmasından sonra dövlətimizin başçısı İlham Əliyevin müvafiq tapşırığına əsasən həmin ölkələrdən, o cümlədən İran İslam Respublikasından Azərbaycana daxil olan yük nəqliyyat vasitələrinin polis əməkdaşlarının müşayiəti ilə hərəkəti təmin edilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan ərazisindən tranzit yüklərin daşınması üzərində nəzarət gücləndirildiyi üçün nəqliyyat vasitələri ölkə sərhədlərini tərk edənə qədər onların təhlükəsizliyi təmin edilir və yalnız müəyyən edilmiş məntəqələrdə sürücülərin avtomobillərdən düşərək istirahət etməsinə icazə verilir. İstirahət yerlərində sürücülər Daxili İşlər Nazirliyinin hesabına isti yeməklə təmin olunur. Bu yerlərdə sürücülərin ibadətlə məşğul olmaları və tibbi müayinədən keçmələri üçün xüsusi otaqlar da ayrılıb.

Sürücülər qeyd olunan yerlərdə istirahət etdikdən sonra onlar yol polisinin müşayiəti ilə yollarını davam etdirirlər. Onların yolboyu yerli vətəndaşlarla ünsiyyətdə olması və marşrutdan kənar yerlərdə nəqliyyat vasitələrini saxlamasına isə ekstremal vəziyyətlər istisna olmaqla icazə verilmir.


Create Account



Log In Your Account