Apr 05 2017 16:00
Ulviyye Sabirqizi
Views: 1584

Son iki ayda Azərbaycana gələn turistlərin sayı 12 faiz, təkcə mart ayında isə 20 faiz artıb. Bu aylarda xüsusilə də İrandan gələnlər çox olub.

Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Turizm haqqında” qanun müzakirəyə çıxarılıb. Komitənin sədri Hadı Rəcəblinin sözlərinə görə, ölkəyə gələn hər bir turist orta hesabla 500 dollar vəsait gətirir. Bütün bu vəsaitlər dövlət büdcəsinə gedir, yeni iş yerləri yaradılır. Buna görə də turizmin inkişafı üçün daha təkmil qanunvericiliyə ehtiyac var. Azərbaycanda turizm sahəsində xidmətlərdən danışan komitə sədri vurğulayıb ki, əsas məsələ qiymətlərlə bağlıdır. Qiymətlərin aşağı salınması üçün üçulduzlu otellərin sayının artırılması planlaşdırılır.

Azərbaycanda 554 otel qeydiyyata alınıb. Amma onlardan yalnız 130-u sertifikatlaşdırmadan keçib. Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ölkədə standartlara uyğun olmayan, özünə yalandan ulduz yapışdıran otellərə qarşı sanksiyalar və cərimələr tətbiq olunmasını təklif edib. İclasda Dövlət Turizm Reyestrinin yaradılmasının vacibliyi vurğulanıb. Millət vəkilləri bildiriblər ki, turizmlə məşğul olmaq üçün lisenziya tələb edilmir. Amma bu bəzən müəyyən problemlər yaradır, turistlərin aldadılması faktları baş verir. Buna görə də, bütün turizm şirkətləri və mehmanxanalar turizm reyestrinə daxil edilməlidir, əks halda onların fəaliyyəti dayandırılmalıdır.

Qiymətlərlə yanaşı, turizm xidməti sahəsində kadr problemi də qaldırıldı. Qeyd olundu ki, bu sahədə çalışan insanlar üçün təcrübə və peşə məktəblərinə ehtiyac var, onlara xüsusi təlimlər keçilməlidir. Müzakirələr zamanı qanun layihəsinə məktəblilər, gənclər və uşaq turizmi ilə bağlı müddəanın salınması, sağlamlıq və çimərlik turizminin inkişafı ilə bağlı bu sektorda xidmət səviyyəsinin artırılması, qiymətlərin tənzimlənməsi ilə bağlı təklif irəli sürüldü.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.  

 

 

 


Create Account



Log In Your Account