May 12 2020 13:10
Elshad Aliyev
Views: 57

Azərbaycan xalqı minilliklərdən bəri yaratdığı maddi və mənəvi mədəniyyət abidələri ilə milli irsimizi dünya mədəniyyəti incilərindən birinə çevirməyi bacarıb. Bu gün də əcdadlarımızdan bizə qalmış bu möhtəşəm mirasın dünyaya tanıdılması, gənc nəslə ötürülməsi və inkişaf etdirilməsi üçün Azərbaycan Prezidenti tərəfindən xüsusi siyasət həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

Deputat qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. İşğal edilmiş torpaqlarımızda mədəni irsimizin olduqca qiymətli və böyük hissəsi erməni vandalları tərəfindən dağıdılmaqdadır. Tarixi və dini abidələrimiz, qiymətli arxitektura nümunələrimiz, arxeoloji tapıntılarımız ermənilər tərəfindən əsl mədəniyyət soyqırımına məruz qalır, bu da azmış kimi, üstəlik, mənimsənilir. Belə bir vəziyyətdə əlimizdə olan hər bir mədəniyyət nümunəsi olduqca qiymətli, mədəniyyətimizin inkişafı üçün ayrılan vəsait dəyərlidir. Ancaq çox təəssüf ki, mədəniyyətimizi qorumaq və inkişaf etdirməklə mükəlləf olan bir nazirlikdə elə hadisələr baş verir ki, bu, təkcə adi cinayət kimi deyil, həm də mənəviyyatsızlıq olaraq qiymətləndirilməlidir.

Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatların ən prioritet istiqamətlərindən biri korrupsiyaya qarşı mübarizədir. Hazırda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xüsusi əməliyyatlar keçirilməklə korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılır. Azərbaycan Prezidenti açıq şəkildə bütün icra hakimiyyəti orqanlarına xəbərdarlıq edir, yeni dövrün tələbləri ilə ayaqlaşa bilməyən, yaxud bunu istəməyən məmurları istefaya dəvət edir. Ancaq təəssüf ki, bütün bunlar bəzən ciddiyə alınmır. Mədəniyyət Nazirliyi kimi ali icra hakimiyyəti orqanında korrupsiya və rüşvətxorluq hallarına yol verilir. Bu, ölkə ictimaiyyəti, elm, mədəniyyət cameəsi tərəfindən ikrah hissi və təəssüflə qarşılanır. Bu nazirliyin yüksək çinli məmurları öz səlahiyyətlərindən sui-istifadə etməklə mədəniyyətimizin qorunması və inkişafına dağıdıcı zərbə vurublar. Bu, yolverilməzdir. Hər kəsə bir daha aydın olmalıdır ki, ölkəmizdə korrupsiyanın, rüşvətxorluğun kökü tamamilə kəsilənə qədər bu mübarizə davam edəcək və Azərbaycan Prezidentinin bu qətiyyəti daim xalqımız tərəfindən sonadək dəstəklənəcək.


Create Account



Log In Your Account