Apr 22 2020 14:09
Elshad Aliyev
Views: 73

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan da dünya ölkələri kimi yeni sınaq, yeni çağırışlarla üz-üzədir. Pandemiya təkcə insan tələfatı ilə deyil, həm də ölkələrin iqtisadiyyatına ciddi ziyan vurması ilə müşahidə olunur. Hazırkı vəziyyət qlobal iqtisadiyyatın inkişaf templərinə mənfi təsir edib, qlobal geosiyasi və iqtisadi vəziyyəti dəyişib.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakultəsinin dekanı, iqtisad elmləri doktoru professor Xatirə Hüseynova bildirib.

O qeyd edib ki, Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və bütün zəruri qabaqlayıcı addımlar atılıb. “Hesab edirəm ki, elektron platformanın mövcudluğu və bir çox xidmətlərin bu elektron platformaya inteqrasiyası mühüm addımdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlərin təxirə salınması və ya ləğvi, martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejimin, martın 24-dən isə xüsusi karantin rejiminin tətbiqi, qaydaların əhaliyə vaxtında çatdırılması onların düzgün məlumatlandırmasına gətirib çıxarıb. Təhsil müəssisələrində tədrisin distant keçirilməsi prosesi başlanılıb”, - deyə professor vurğulayıb.

Xatirə Hüseynova bildirib ki, Azərbaycan Respublikasının beynəlxalq qurumlarla birgə əməkdaşlığı xüsusilə təqdirəlayiqdir. Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi, ölkəmizin koronavirus pandemiyasına qarşı mübarizədə dünyada fəal rolunun bariz nümunəsidir. Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək koronavirusa qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına, İran İslam Respublikasına könüllü maliyyə yardımı ayırıb. Zirvə toplantısında bütün bunlar Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən yüksək qiymətləndirilib.

Bildirilib ki, Prezident İlham Əliyevin martın 19-da “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı bu baxımdan çox əhəmiyyətlidir. Sərəncamının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən aprelin 4-də müvafiq Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planı 3 mərhələyə bölünüb. İlkin mərhələdə, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsi nəzərdə tutulur. Həmçinin Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və həm də makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün 2,5 milyard manat və ya təqribən 1,5 milyard dollar vəsait ayrılıb. Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabineti Tədbirlər Planı hazırlayıb və təsdiq edib. Sahibkarlara müraciət olunub ki, iş yerləri ixtisar edilməsin. Qırx dörd min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödəyəcək. Həmçinin dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq. Bu proqramlar, ümumilikdə, 600 minə yaxın insanı əhatə edir. Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən çox işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yeri yaradılacaq. Qeydiyyata düşmüş işsizlər üçün birdəfəlik ödəmələrə başlanıb. Banklar tərəfindən sahibkarlara yeni verilən 500 milyon manat və ya təqribən 300 milyon dollar həcmində kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcək. Zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin yarısı dövlət büdcəsinin vəsaitləri hesabına subsidiyalaşdırılacaq. Dövlət zəmanəti olmayan 1 milyard manat, təqribən 600 milyon dollar həcmində mövcud bank kreditləri üzrə faiz dərəcəsinin 10 faiz bəndi subsidiyalaşdırılacaq. Bunun üçün dövlət büdcəsindən 50 milyon manat və ya təqribən 30 milyon dollar vəsait ayrılıb. Bu tədbirin əsas məqsədi pandemiya səbəbindən faizlərin ödənilməsində çətinliklərlə üzləşmiş sahibkarlara kömək etməkdir. Sosial təcrid tədbirləri nəticəsində əhali tərəfindən elektrik enerjisi sərfi artmışdır. Bunu nəzərə alaraq kommunal ödəmələrə güzəşt edilib. Bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır.

Bütün bunlar bu günümüz üçün ən önəmli məsələ olan koronavirus pandemiyası təhlükəsi aradan qaldırıldıqdan sonra ölkəmizin tormozlanmış dünya iqtisadiyyatının yenidən başlayacağı yüksəlişinə hazırlıq xarakteri daşıyır. Çünki bu inkişaf tez bir zamanda və sürətlə baş verəcək. Bu baxımdan yeni dünya reallığı olan dövr üçün hazırlıqların görülməsi çox əhəmiyyətlidir. “Biz birlikdə güclüyük!” şüarı dövlətimizin bu sınaqdan da uğurla çıxacağına zəmin yaradır.


Create Account



Log In Your Account