Apr 08 2021 15:05
Elshad Aliyev
Views: 171

Məlumdur ki, Azərbaycanda su çatışmazlığı mövcuddur. Su çatışmazlığında təbii səbəblərlə yanaşı, sudan səmərəli istifadə edilməməsi də böyük rol oynayır. Ölkədə su qıtlığının yaranmasında suvarma sisteminin magistral kanallarında olan itkilər əsas yer tutur.

Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Meliorasiya və hidrotexniki qurğular kafedrasının müdiri, professor Mirnaib Mirsalahov bildirib.

O qeyd edib ki, Azərbaycanda ümumi uzunluğu 90 min kilometrdən çox olan 1,35 milyon hektar sahəni suvarma qabiliyyətinə malik su nəqledici kanallar mövcuddur. Respublikamızda uzunluğu 182,8 kilometr, su sərfi 55 kubmetr/saniyə olan Samur-Abşeron kanalı, uzunluğu 172,4 kilometr və su sərfi 113 kubmetr/saniyə olan Yuxarı Qarabağ kanalı, uzunluğu 122 kilometr, su sərfi 78 kubmetr/saniyə olan Yuxarı Şirvan kanalı və uzunluğu 107,9 kilometr, su sərfi 40 kubmetr/saniyə olan Taxtakörpü-Ceyranbatan kanalları böyük su kütləsini su mənbəyindən qəbul edib ayrı-ayrı regionların suvarma massivlərinə ötürür.

“Bu suvarma kanallarının yalnız 8 faizi beton üzlüklə üzlənib. Nəqledici kanallardan axıdılan suyun 25-30 faizi sızaraq torpağa hopur və böyük miqdarda su itkisi yaradır. Nəticədə torpağa hopan sular qrunt sularına qarışaraq onun səviyyəsini yerin səthinə yaxınlaşdırır, sucaqlaşmaya, bataqlaşmaya və torpağın şoranlaşmasına gətirib çıxarır. Torpaqların meliorativ vəziyyəti pisləşir. Misal olaraq, Yuxarı Qarabağ kanalının göstəricilərinə görə, bu kanaldan orta hesabla saniyədə 13 kubmetr su torpağa sızaraq itkiyə gedir. Bu itki ildə 410 milyard kubmetr su deməkdir. Yəni, bu rəqəm Ceyranbatan su anbarının həcmindən 2,2 dəfə böyükdür. Yuxarı-Qarabağ kanalının mövcud olduğu 60 il ərzində burada itkiyə gedən suyun həcmi 20 kubkilometrdən artıq olub ki, bu da həmin kanalın su qəbul etdiyi Mingəçevir su anbarının su həcmindən çoxdur”, - deyə professor vurğulayıb.

Onun sözlərinə görə, respublikamızda magistral kanalların tikintisində buraxılan səhvlər ölkə iqtisadiyyatının sürətli inkişafına mane olan problemlərdəndir: “Nəzərə alsaq ki, son illərdə və perspektivdə ölkədə ciddi su çatışmazlığı ilə üzləşmişik, onda məsələnin həllinin nə qədər vacib olduğu görünür. Ona görə də magistral kanallardan olan sızmaların qarşısı alınmalıdır”.

M.Mirsalahov qeyd edib ki, respublikamızda 8350-dən çox çay var. Bu çayların çoxillik orta su ehtiyatı 10,3 milyon kubmetrdir. Qonşu respublikalardan ölkəyə 20,6 milyon kubmetr həcmində suyun daxil olduğunu nəzərə alsaq, orta su ehtiyatı cəmi 30,9 milyard kubmetrə çatır. Çayların axınının ilin müxtəlif fəsillər üzrə qeyri-bərabər paylanması onların suyundan bitkilərin vegetasiya dövründə istifadə edilməsində çətinlik yaradır. Buna görə də çaylar üzərində böyük su anbarları yaradılır. Azərbaycanda Mingəçevir, Taxtakörpü, Şəmkirçay, Yenikənd Şəmkir su anbarı kimi böyük su anbarları vasitəsilə üzərində yerləşdikləri çayların axını nizamlanır.

“Lakin su anbarlarının bəzilərinin istismar müddəti sona yaxınlaşdığından və yaxud digər səbəblərdən su anbarında suyun illik yığılmasında çətinliklər mövcuddur”, - deyən professor əlavə edib ki, məsələn, Mingəçevir su anbarında suyun səviyyəsi son zamanlar Yuxarı Şirvan kanalının su qəbuletmə tələbatına cavab vermir. Analoji hal digər su anbarlarında da mövcuddur.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın, o cümlədən mühüm əhəmiyyət kəsb edən Suqovuşan və Araz çayı üzərindəki Xudafərin su anbarlarının işğaldan azad olunmasının ölkə iqtisadiyyatının, xüsusən aqrar sahənin inkişafı üçün önəmini vurğulayan ADAU-nun kafedra müdiri bildirib ki, yeni su ehtiyatları hesabına 100 min hektarlarla əlavə sahə suvarılacaq.

Onun sözlərinə görə, Azərbaycanda suvarılan ərazilər əsasən Kür-Araz ovalığında yerləşir. Ovalığın suvarılan sahələrinin 75-80 faizi bu və ya digər dərəcədə şorlaşmaya məruz qalıb. Demək olar ki, suvarılan ərazilərdə qrunt sularının rejimini nizamlamaq üçün kollektor-drenaj şəbəkələri qurulub. Lakin buna baxmayaraq, meliorativ sistemlərlə təchiz edilmiş bəzi torpaq sahələri yenə də təkrar şorlaşmaya məruz qalır. Bundan başqa, Azərbaycanda torpaq islahatı ilə əlaqədar olaraq pay torpaq sahələrinin ölçülərinin kiçik olması, hektarlarla, bəzi halda sotlarla ölçülərə malik olması burada həm suvarmanın keyfiyyətini zəiflədir, torpaqdan istifadə əmsalı aşağı düşür, həm də suvarma sistemləri vasitəsilə suvarmanın idarə olunması çətinləşir”.

Professor diqqətə çatdırıb ki, ölkədə su çatışmazlığı sudan səmərəli istifadəni tələb edir. Ona görə də suvarmada qənaətcil, mütərəqqi suvarma üsullarından, damcılarla suvarma üsulu və süni yağış yağdırma üsullarından istifadə olunması vacibdir.

M.Mirsalahov su ehtiyatlarından və suvarma suyundan istifadənin səmərəliliyinin yüksəldilməsi və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün aşağıdakı işlərin həyata keçirilməsini məqsədə uyğun sayır:

- Kür və Araz çaylarının axınının çoxillik məlumatlarına əsasən (100 il və daha çox), onların üzərində qurulmuş su anbarları ən az sululuq dövründə belə onlardan su qəbul edən magistral kanalları su ilə təmin etməlidir. Yaranmış vəziyyət tələb edir ki, bu çayların axınının nizamlanmasında olan problemləri, qurğuların işçi vəziyyətinin texniki tələblərə cavab verməsini monitorinq etmək və onları işlək vəziyyətə salmaq üçün ciddi texniki tədbirlər görülməlidir.

- Kür Araz ovalığının suvarılan ərazilərindən kollektor-drenaj şəbəkəsi vasitəsilə son nəticədə Xəzər dənizinə böyük həcmdə su axıdılır. Bunun qarşısını almaq üçün kollektorlar üzərində minerallaşmış drenaj sularını təmizləyici qurğular quraşdırılmalı və su duzdan təmizlənərək suvarma üçün istifadə edilməlidir.

- Dağətəyi ərazilərdə lokal su tələbatını müəyyən qədər ödəmək üçün kəhrizlərin qurulmasına ehtiyac var.

- Ölkənin suvarma sistemləri daxilində istifadə olunan şəxsi, pay torpaqlarının ölçüləri çox kiçik olduğundan və həmçinin bu sahələrin sayı çox olduğundan burada sistem daxilində su dövriyyəsi planının tərtibində ciddi çətinlik yaranır və böyük su itkisi baş verir. Ona görə də xırda təsərrüfatların birgə fermer təsərrüfatları kimi yenidən formalaşmasına dəstək vermək lazımdır.

- Suvarmada qənaətedici mütərəqqi suvarma üsullarının tətbiqi vacibdir.

-Suvarmada yeraltı sulardan istifadə edilməsi üçün arterizan quyularının qazılması daha da genişləndirilməlidir.

- Su təsərrüfatı və meliorasiya idarələrində işləyən kadrlar məxsusi olaraq həmin sahə mütəxəssisləri ilə təmin edilməlidir.

Professor, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin Zaur Mikayılovu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edərkən onu videoformatda qəbul etməsi, meliorasiya və su təsərrüfatında olan çatışmazlıqların aradan qaldırılmasında innovativ idarəetmə və texnologiyaların tətbiqini önə çəkərək proqram təyinatlı göstərişlər verməsi ölkənin bütün melioratorlarını və kənd təsərrüfatı fermerlərini ruhlandırıb. “Əminliklə söyləmək olar ki, Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafında yeni dövr başlayır. Bu işə hər birimiz öz töhfəmizi verməliyik”, - deyə o əlavə edib.

 


Create Account



Log In Your Account