Jan 15 2021 18:45
Elshad Aliyev
Views: 76

Mərkəzi Bankın İdarə Heyəti “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, Qayda bu gündən – yanvarın 15-dən qüvvəyə minib.

Bu Qayda sığortaçının rəhbər işçisi vəzifəsinə təyin edilən və ya belə vəzifəni müvəqqəti icra etməsi nəzərdə tutulan (sığortaçının direktorlar şurasının üzvləri və məsul aktuarisi istisna edilməklə), habelə müvafiq sığorta vasitəçiliyi üzrə lisenziya və ya aktuari fəaliyyətini həyata keçirməyə görə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün Mərkəzi Bankda attestasiyanın təşkili və keçirilməsi qaydasını müəyyən edir. Sığortaçının rəhbər işçisi vəzifəsini 60 gündən artıq müddətə müvəqqəti icra etməsi nəzərdə tutulan şəxslər sığortaçının rəhbər işçiləri üçün müəyyən edilmiş qaydada, “Sığorta fəaliyyəti haqqında” qanunun 83.3-cü (Hüquqi şəxs sığorta agenti fəaliyyətinə lisenziya almaq üçün onun əmək müqaviləsi əsasında işçisi olan ən azı iki şəxs Mərkəzi Bankda attestasiyadan keçməlidir) və 83.4-cü (Hüquqi şəxs olan sığorta brokeri, habelə müstəsna olaraq sığorta agenti olmaq üçün təsis edilmiş hüquqi şəxs müvafiq sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün onun icra orqanının rəhbəri Mərkəzi Bankda attestasiyadan keçməlidir) maddələrində nəzərdə tutulmuş şəxslər isə sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən şəxslər üçün müəyyən edilmiş qaydada attestasiyadan keçirlər.

Attestasiyadan keçən şəxslər Qanunla müəyyən olunmuş ixtisas uyğunluğu və vətəndaşlıq qüsursuzluğu tələblərinə cavab verməlidirlər. Attestasiyaya təqdim olunan şəxs (Azərbaycan Respublikasının vətəndaşı) qanunla müəyyən edilmiş ixtisas uyğunluğuna dair tələblərə uyğun olduqda Mərkəzi Bank müvafiq sənədlər daxil olduğu vaxtdan 3 iş günü müddətində vətəndaş qüsursuzluğu barədə arayış təqdim edilməsi üçün sorğu ilə səlahiyyətli dövlət orqanına müraciət edir.

Sığortaçının rəhbər işçisi və fiziki şəxs olan müvafiq sığorta vasitəçisinə münasibətdə müəyyən edilmiş sənədlərə Mərkəzi Banka daxil olan gündən 30 təqvim günü ərzində baxılır və tələblərə uyğun hesab edilən şəxsə onun təqdim etdiyi anketdə göstərdiyi ünvanına elektron və ya yazılı formada attestasiya üzrə imtahanın keçirilmə gününə ən azı 5 iş günü qalmış imtahanın keçirilmə yeri və vaxtı barədə yazılı məlumat göndərilir və Mərkəzi Bankın rəsmi internet səhifəsində bu barədə elan verilir. Aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxsə münasibətdə müəyyən edilmiş sənədlərə Mərkəzi Banka daxil olan gündən 30 təqvim günü ərzində baxılır və tələblərə cavab verən şəxs bu Qaydada müəyyən edilmiş qaydada imtahanda iştirak edir.

Attestasiya aşağıdakı formada keçirilir:

- sığortaçının rəhbər işçisi və fiziki şəxs olan müvafiq sığorta vasitəçisi üçün qapalı tipli test tapşırıqlarından ibarət imtahan;

- aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxs üçün ehtimal nəzəriyyəsi, statistika və maliyyə riyaziyyatı,  qeyri-həyat sığortası riyaziyyatı, qeyri-həyat sığortası üzrə praktiki tətbiqlər və həyat sığortası riyaziyyatı və onun praktiki tətbiqləri mövzuları üzrə qapalı və açıq, sığorta qanunvericiliyi və sığorta sektoru üzrə Mərkəzi Banka təqdim edilən hesabatlar mövzusu üzrə qapalı tipli test tapşırıqlarından ibarət imtahan.

Qapalı tipli test imtahanı yalnız biri düzgün olan dörd cavab variantlarından bir doğru cavabı müəyyənləşdirilərək qeyd edilməsini tələb edən test tapşırıqlarından ibarətdir. Açıq tipli test imtahanı cavab variantları verilməyən, doğru cavabın namizəd tərəfindən müəyyənləşdirilərək yazılı formada ifadə olunmasını tələb edən test tapşırıqlarından ibarətdir.

Aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslərin attestasiyası aşağıdakı mövzuları əhatə edən imtahanlardan ibarətdir:

- ehtimal nəzəriyyəsi, statistika və maliyyə riyaziyyatı;

- qeyri-həyat sığortası riyaziyyatı;

 - qeyri-həyat sığortası üzrə praktiki tətbiqlər;

- həyat sığortası riyaziyyatı və onun praktiki tətbiqləri;

- sığorta qanunvericiliyi və sığorta sektoru üzrə Mərkəzi Banka təqdim edilən hesabatlar.

Aşağıdakı xarici qurumlar tərəfindən təşkil olunan ehtimal nəzəriyyəsi, statistika və maliyyə riyaziyyatı,  qeyri-həyat sığortası riyaziyyatı, qeyri-həyat sığortası üzrə praktiki tətbiqlər və həyat sığortası riyaziyyatı və onun praktiki tətbiqləri ilə bağlı hər bir mövzu ilə uyğunluq təşkil edən imtahandan müvəffəqiyyətlə keçməsi barədə təsdiqedici sənədi təqdim etmiş şəxs bu Qaydaya uyğun olaraq müvafiq kredit balını toplamış hesab edilir:

- Amerika Birləşmiş Ştatlarının Aktuarilər Cəmiyyəti (Society of Actuaries);

- Kanada Aktuarilər İnstitutu (Canadian Institute of Actuaries);

- Böyük Britaniya Aktuarilər İnstitutu və Fakültəsi (Institute and Faculity of Actuaries);

- Avstraliya Aktuarilər İnstitutu (Institute of Actuaries of Australia);

- Türkiyə Cümhuriyyəti Sığorta İnstitutu Vəqfi (Türk Sigorta Enstitüsü Vakfı);

- Türkiyə Cümhuriyyəti Sığortaçılıq Təlim Mərkəzi (Sigortacılık Eğitim Merkezi).

Sığortaçının rəhbər işçisi və fiziki şəxs olan müvafiq sığorta vasitəçisi üçün qapalı tipli test tapşırıqlarından ibarət imtahanın keçirilməsinə üç saat vaxt ayrılır. İmtahan yazılı şəkildə keçirilir və iştirakçıların hər birinə 100 qapalı test tapşırığı təqdim edilir. Test tapşırıqlarının sualları sığorta fəaliyyəti, sığorta qanunvericiliyi, o cümlədən sığorta sahəsində mülki münasibətləri tənzimləyən hüquqi aktlar, sığortaçının rəhbər işçisi üçün həmçinin namizədliyi təqdim edilən vəzifənin səlahiyyət dairəsindən asılı olaraq korporativ idarəetmə, hesabatlılıq və mühasibat uçotu, daxili nəzarət və audit üzrə mövzuları əhatə edir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Bir test tapşırığında düzgün cavabın da daxil olduğu iki və ya daha çox cavabı düzgün hesab edən iştirakçının müvafiq cavabı səhv cavab kimi qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahan zamanı yazılı, elektron və ya digər hər hansı məlumat materiallarından istifadə, həmçinin test tapşırıqlarının məzmunu ilə bağlı başqa şəxslərlə danışmaq qadağandır. Bu qadağaya əməl etməyən şəxsin imtahan nəticələri ləğv edilir. İştirakçı ən azı 70 bal topladıqda attestasiyadan keçmiş hesab olunur. Attestasiyadan keçməmiş şəxsin namizədliyi təkrar attestasiyaya attestasiya günündən ən azı bir ay keçdikdən sonra təqdim edilə bilər.

İmtahanların hər birinin keçirilməsinə üç saat vaxt ayrılır. Namizədə imtahanlar üzrə ayrılıqda hər birinin düzgün cavabı 3 balla qiymətləndirilməklə 15 qapalı tipli və hər birinin düzgün cavabı 5.5 balla qiymətləndirilməklə 10 açıq tipli olmaqla ümumilikdə 100 balla qiymətləndirilən 25 test tapşırığı, sığorta qanunvericiliyi və sığorta sektoru üzrə Mərkəzi Banka təqdim edilən hesabatlarla bağlı  imtahan üzrə isə hər birinin düzgün cavabı 2 balla qiymətləndirilməklə 30 sual sığorta qanunvericiliyi və 20 sual sığorta sektoru üzrə Mərkəzi Banka təqdim edilən hesabatlar üzrə olmaqla ümumilikdə 100 balla qiymətləndirilən qapalı test tapşırığı təqdim edilir. Qapalı tipli test tapşırıqlarında düzgün cavabın da daxil olduğu iki və ya daha çox cavabı düzgün hesab edən iştirakçının müvafiq cavabı səhv cavab kimi qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Namizəd hər bir imtahan üzrə ən azı 60 bal topladıqda müvafiq imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur və bu Qaydada müəyyən edilmiş kredit balını toplayır. Namizəd sığorta qanunvericiliyi və sığorta sektoru üzrə Mərkəzi Banka təqdim edilən hesabatlarla bağlı imtahan üzrə ən azı 60 bal topladıqda imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur. Sığorta qanunvericiliyi və sığorta sektoru üzrə Mərkəzi Banka təqdim edilən hesabatlarla bağlı imtahana ehtimal nəzəriyyəsi, statistika və maliyyə riyaziyyatı,  qeyri-həyat sığortası riyaziyyatı, qeyri-həyat sığortası üzrə praktiki tətbiqlər və həyat sığortası riyaziyyatı və onun praktiki tətbiqləri ilə bağlı imtahanlar üzrə ən azı 60 kredit balını toplamış şəxslər buraxılır.

Ehtimal nəzəriyyəsi, statistika və maliyyə riyaziyyatı,  qeyri-həyat sığortası riyaziyyatı, qeyri-həyat sığortası üzrə praktiki tətbiqlər və həyat sığortası riyaziyyatı və onun praktiki tətbiqləri ilə bağlı imtahanları müvəffəqiyyətlə keçən namizəd aşağıdakı kredit ballarını toplayır:

- ehtimal nəzəriyyəsi, statistika və maliyyə riyaziyyatı imtahanı üzrə 20 kredit balı;

- qeyri-həyat sığortası riyaziyyatı imtahanı üzrə 20 kredit balı;

- qeyri-həyat sığortası üzrə praktiki tətbiqlərlə bağlı imtahan üzrə 30 kredit balı;

-  həyat sığortası riyaziyyatı və onun praktiki tətbiqləri ilə bağlı imtahan üzrə 30 kredit balı.

Aşağıdakı tələblərə cavab verən namizəd aktuari şəhadətnaməsinin alınması üçün nəzərdə tutulmuş attestasiyadan keçmiş hesab olunur:

- ən azı 60 kredit balı toplamalıdır;

- sığorta qanunvericiliyi və sığorta sektoru üzrə Mərkəzi Banka təqdim edilən hesabatlarla bağlı imtahandan müvəffəqiyyətlə keçməlidir.

Attestasiyadan keçmiş şəxsin aktuari şəhadətnaməsinin müddəti bitdikdə yeni aktuari şəhadətnaməsinin alınması üçün həmin şəxs yalnız sığorta qanunvericiliyi və sığorta sektoru üzrə Mərkəzi Banka təqdim edilən hesabatlarla bağlı imtahanda keçməlidir. Qeyd olunan imtahandan keçən şəxs attestasiyadan keçmiş hesab olunur.

Ehtimal nəzəriyyəsi, statistika və maliyyə riyaziyyatı,  qeyri-həyat sığortası riyaziyyatı, qeyri-həyat sığortası üzrə praktiki tətbiqlər və həyat sığortası riyaziyyatı və onun praktiki tətbiqləri ilə bağlı imtahanlar ildə iki dəfə olmaqla 6 (altı) aydan bir təşkil olunur. Müvafiq imtahanın keçirilmə gününə ən azı iki ay qalmış imtahanın keçirilmə yeri və vaxtı barədə Mərkəzi Bankın rəsmi internet səhifəsində elan verilir. Sığorta qanunvericiliyi və sığorta sektoru üzrə Mərkəzi Banka təqdim edilən hesabatlarla bağlı imtahan isə ildə ən azı iki dəfə olmaqla keçirilir və imtahanın keçirilmə gününə ən azı 15 iş günü qalmış keçirilmə yeri və vaxtı barədə Mərkəzi Bankın rəsmi internet səhifəsində elan verilir.

Bu Qayda ilə müəyyən edilmiş imtahanda iştirak edən iştirakçıların nəticələri barədə məlumat imtahandan sonrakı 10 iş günü müddətində Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilir. Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən şəxslər üçün müəyyən edilmiş attestasiyadan keçmiş, lakin imtahan tarixindən sonrakı üç il ərzində müvafiq sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almayan şəxslərin imtahan nəticələri qüvvədən düşmüş hesab edilir. Aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxs istisna olmaqla, attestasiyadan müvəffəqiyyətlə keçmiş sığortaçının rəhbər işçisi olmaq istəyən şəxsin növbəti dövrlərdə sığorta sektorunda ardıcıl üç il ərzində müvafiq vəzifədə işləmədiyi hallarda, həmin şəxsin təkrar attestasiyadan keçməsi tələb olunur. Fiziki şəxs sığorta vasitəçisi, habelə , “Sığorta fəaliyyəti haqqında” qanunun 83.3-cü (Hüquqi şəxs sığorta agenti fəaliyyətinə lisenziya almaq üçün onun əmək müqaviləsi əsasında işçisi olan ən azı iki şəxs Mərkəzi Bankda attestasiyadan keçməlidir) və 83.4-cü (Hüquqi şəxs olan sığorta brokeri, habelə müstəsna olaraq sığorta agenti olmaq üçün təsis edilmiş hüquqi şəxs müvafiq sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün onun icra orqanının rəhbəri Mərkəzi Bankda attestasiyadan keçməlidir) maddələrində nəzərdə tutulmuş şəxslər Mərkəzi Bankdan attestasiyadan keçdiyi tarixdən hesablanmaqla üç ildə bir dəfə Mərkəzi Bankda attestasiyadan keçməlidir.

 


Create Account



Log In Your Account