Mar 12 2020 14:00
Elshad Aliyev
Views: 114

Asiya subregionlarında yaşayan, əsasən eyni kökə, mədəniyyətə, tarixə malik olan xalqların qurduğu dövlətlər arasında əlaqələrin intensivləşməsi əməkdaşlığın genişlənməsində mühüm rol oynaya biləcək əlverişli platformanın yaradılmasına xidmət edir. Azərbaycan-Türkmənistan münasibətlərinin mövcud strateji tərəfdaşlıq müstəvisinə qədər inkişaf etdirilməsində Prezident İlham Əliyevin müstəsna xidmətləri var. Bunu qardaş Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov da öz çıxışında xüsusi olaraq qeyd etdi. Bu isə Azərbaycan Prezidentinin regionda və dünyada baş verən proseslərə yanaşmasından, strateji dünyagörüşünə malik olmasından və uzaq hədəfləri dəqiq müəyyənləşdirməsindən irəli gəlir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Ekspert qeyd edib ki, Azərbaycan və Türkmənistanın əlverişli coğrafi mövqeyi, Bakı və Türkmənbaşı şəhərləri arasındakı məsafənin yük daşınmaları, fiber-optik rabitə xətlərinin tikintisi və digər istiqamətlər üzrə əməkdaşlıq üçün geniş imkanlar açması hər iki dövlətin daha da yaxınlaşmasını zəruri edir.

E.Mirzəbəyli deyib ki, adətən regional və beynəlxalq əməkdaşlıq formatlarına neytral dövlət statusundan yanaşan Türkmənistanın Azərbaycanla daha sıx əməkdaşlığa can atması, ilk növbədə, ölkəmizə və onun liderinə olan yüksək etimadın göstəricisidir. Azərbaycanın enerji və nəqliyyat dəhlizlərinin şaxələndirilməsi sahəsində göstərdiyi təşəbbüslər və bu təşəbbüslərin reallığa çevrilməsi, ölkəmizin öz öhdəliklərinə münasibətdə nümayiş etdirdiyi sabit və dayanıqlı mövqe bu etimadın yaranmasında mühüm rol oynayıb. Azərbaycanı regionun lider dövləti kimi Türkmənistan üçün cazibədar edən amillərdən biri də ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar, qeyri-enerji sektorunun inkişafı istiqamətində atılan addımların öz praktik nəticəsini verməsidir. Bu baxımdan Azərbaycanın əldə etdiyi nəticələr qardaş Türkmənistan üçün də model rolunu oynaya bilər.

Ekspert əlavə edib ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Türkmənistanın Ticarət-Sənaye Palatası, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Türkmənistanın Sənayeçilər və Sahibkarlar Birliyi arasında imzalanan anlaşma memorandumları da qeyri-neft sektorunda əlaqələrin inkişafına, sərmayələrin təşviqinə geniş imkanlar açır.

E.Mirzəbəyli vurğulayıb ki, Azərbaycanla Türkmənistan arasında dil, ədəbiyyat və mədəniyyət sahəsində imzalanan sənədlər də ortaq tarixə, mədəniyyətə, dilə malik olan Azərbaycan və türkmən xalqlarının daha da yaxınlaşmasına, ortaq dəyərlərin bütün digər istiqamətlər üzrə əməkdaşlığın bünövrəsi kimi daha da möhkəmləndirilməsinə xidmət edir. Bu məsələdə də Azərbaycan türk dünyasında birləşdiricilik missiyasını uğurla həyata keçirir. Ölkəmizin türkdilli dövlətlərin hər biri ilə gerçəkləşdirdiyi ikitərəfli əməkdaşlıq missiyası daha geniş əməkdaşlıq formatlarının möhkəmləndirilməsi qarşılıqlı etimad mühitinin gücləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir.

 


Create Account



Log In Your Account