Oct 30 2017 16:43
Naile Hesenova
Views: 1070

Sofiyada görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Konfrans “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin sərəncamından sonra dahi dramaturqun xatirəsinə həsr olunan ilk tədbirdir.

Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, ədəbiyyatın məqsədinin cəmiyyətdəki real hadisələri bədii əsərə nəql etmək olduğunu qeyd edərək Azərbaycan ədəbiyyatının zəngin Azərbaycan folkloru ənənəlinə əsaslandığını bildirib. Bu kontekstdə, səfir möhtəşəm ədəbi abidə olan “Kitabi Dədə Qorqud” dastanının folklor xəzinəmizin dəyərli nümunəsi kimi dünya epos nümunələri arasında özünəməxsus yer tutduğunu diqqətə çatdırıb.

Səfir bildirib ki, Azərbaycan ədəbi irsinin dünya ədəbiyyatını nadir ədəbi abidələrlə zənginləşdirmişdir. Belə ki, 12-ci əsr Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi olan Nizami Gəncəvinin əsərləri Müsəlman intibahının zirvəsidir. Dahi şairin beş poemadan ibarət “Xəmsə”si təkcə Azərbaycan ədəbiyyatının incisi deyil, eyni zamanda Şərq İntibah mədəniyyətini zənginləşdirən real ədəbi hadisədir.

XX əsrin əvvəli Azərbaycan ədəbiyyatının romantizm ədəbi cərəyanının meydana gəlməsi ilə xarakterizə olunduğunu qeyd edən N.Qurbanova bu dövr ictimai-siyasi arenada baş verən hadisələrin, o cümlədən 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının yaradılmasının ədəbiyyata müstəsna təsirindən bəhs edib. O, yeni cərəyanın – romantik poetik dramaturgiyanın banisi kimi Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu söyləyib.  Azərbaycan ədəbiyyatının, eləcə də XX əsr ədəbi fikrinin görkəmli nümayəndəsi olan H.Cavidin şair və filosof, lirik dramaturq, istedadlı alim və ədib kimi nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda şöhrətindən söz açıb.
Daha sonra o, H.Cavidin Azərbaycan ədəbiyyatı tarixində mühüm rolundan, şair və dramaturq və istedadlı pedaqoq kimi özünəməxsus yaradıcılığından söz açılıb. “İblis”, “Peyğəmbər”, “Şeyx Sənan” və s. əsərləri ilə H.Cavid adının  Azərbaycan ədəbiyyatının qızıl səhifələrinə daxil edildiyini vurğulayıb. Dostoyevski kimi H.Cavidin də bəşəriyyətin xilasını məhəbbətdə, qadın gözəlliyində gördüyünü bildirən V.Nikolov dramaturqun yaradıcılığının Qərb və Şərq ədəbi-mədəni dəyərlərini özündə ehtiva etdiyi barədə məlumat verib.
Konfransda çıxış edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Bolqarıstanda H.Cavid yaradıcılığına həsr olunan bu tədbirin böyük mədəni hadisə və Avropada Cavid irsinə həsr olunan ilk konfrans olduğunu diqqətə çatdırıb. Belə bir tədbirin Bolqarıstanda keçirilməsinin təsadüfi olmadığını bildirən vitse-prezident bunun ölkələrimiz arasında mədəni və elmi sahələrdə əməkdaşlığın yüksək səviyyəsindən xəbər verdiyini söyləyib. Hər iki akademiya arasında imzalanan elm və texnologiya üzrə əməkdaşlıq haqqında Sazişi yüksək qiymətləndirən İ.Həbibbəyli elmi sahədə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu əlavə edib.

BEA-nın Ədəbiyyat İnstitutunun direktoru Elka Traykova H.Cavidin 135 illik yubileyinə həsr olunan bu tədbirin “Şərqin Şekspiri” adlandırılan dramaturqun yaradıcılığının Bolqarıstanda öyrənilməsinə imkan yaratdığını bildirib. Repressiya qurbanı olmuş H.Cavidin acınacaqlı taleyi barədə tədbir iştirakçılarına məlumat verən E.Traykova XX əsr Bolqarıstanın mədəni-siyasi tarixində belə tale yaşayan yazıçı və ziyalıların olduğunu diqqətə çatdırıb. Dramaturqun “Maral” və “Şeyda” əsərlərinin bolqar dilinə tərcümə edilməsini alqışlayan direktor sözügedən əsərlərdə qoyulan ideyaların XX əsrin 20-30-cu illəri bolqar dramaturgiyasına da xas olduğunu bildirib.
Daha sonra çıxış edən mühazirəçilər H.Cavid yaradıcılığının müxtəlif cəhətlərinə toxunmuş, onun əsərlərinin qısa təhlilini verib, dramaturqun Azərbaycan ədəbiyyatına töhfəsindən, əsasını qoyduğu ədəbi cərəyandan, ədibin yaratdığı obrazlar və onların xüsusiyyətlərindən bəhs edib.
Konfrans çərçivəsində həmçinin dramaturqun Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska tərəfindən bolqar dilinə tərcümə edilmiş “Maral” və “Şeyda” əsərlərinin təqdimatı keçirilib və Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin tələbələrinin ifasında Azərbaycan və bolqar dillərində sözügedən əsərlərdən hissələr səsləndirilib.  

 

 


Create Account



Log In Your Account