Feb 21 2017 16:47
Ulviyye Sabirqizi
Views: 1757

Azərbaycanın ilk birinci vitse-prezidenti Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində anadan olub.

1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. 2005-ci ildə “Evtanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

Mehriban Əliyeva 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu yaradıb və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib.

Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.    

2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Onun yüksək təşkilatçılıq qabiliyyəti və beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya kubokunun “A” kateqoriyalı mərhələsinin, Dünya kubokunun, Avropa çempionatlarının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb. 2004-cü ildə isə Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində Mərkəzi Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilib.

2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədi ilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradılıb və onun sədri Mehriban Əliyeva təyin olunub.

Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi ilə yaradılmış Heydər Əliyev Fondunun prezidentidir. 2004-cü il mayın 10-da Heydər Əliyev Fondunun rəsmi açılışı olub.

2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir.

2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva yüksəs səs faizi ilə deputat seçilib.

Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin,səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyeva “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Mehriban Əliyeva İlham Əliyevlə 1983-cü ildə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və dörd nəvəsi var.

 


Create Account



Log In Your Account