Feb 21 2020 11:47
Elshad Aliyev
Views: 289

Fevralın 28-29-da Beynəlxalq Muğam Mərkəzində “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda respublika müşavirəsi keçiriləcək.

APA-nın məlumatına görə, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən müşavirədə dövlət və özəl sektorun, yerli sənaye nümayəndələrinin iştirakı nəzərdə tutulub. 

Tədbir zamanı Avropa Şurasının Mədəni Marşrutların Sahəvi İnkişafı Sazişi üzrə Katibliyinin rəhbəri, Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni və adıçəkilən qurumdan daha 2 nəfər ekspertin mövzu ilə əlaqədar çıxışları, eləcə də, təlimlərdə iştirakı planlaşdırılır.

Bununla yanaşı, müşavirədə paytaxt və regionlarında yerləşən bir sıra mədəniyyət müəssisələrinin, o cümlədən mədəniyyət mərkəzləri və klublarının rəhbərləri iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan 2011-ci ildən etibarən Avropa Şurasının mədəni marşrutları layihəsinə (Cultural Routes of Council of Europe) qoşulub. Hazırda Azərbaycan Avropa Şurasının mədəni marşrutlar layihəsinin 5 mədəni marşrutu üzrə təmsil olunur.

Xatırladaq ki, Azərbaycan Avropa Şurasının mədəni marşrutları layihələrindən olan “Şərab Yolu” beynəlxalq mədəni marşrutuna 2011-ci ildə, “Yəhudi irsi üzrə Avropa marşrutu” və “Qədim Qayaüstü İncəsənət İzləri” beynəlxalq mədəni marşrutlarına 2015-ci ildə, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal Şəhərlər” mədəni marşrutuna 2016-cı ildə və “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna isə 2019-cu ildə qoşulub.

 


Create Account



Log In Your Account