Nov 07 2019 10:42
Elshad Aliyev
Views: 25

Azərbaycanın Efiopiyadakı səfirliyi BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının mənzil-qərargahında Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə həsr olunan təqdimat-ziyafət keçirib.

Bu barədə "Report"a diplomatik nümayəndəlikdən məlumat verilib.

Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev rəsmi Bakının Qoşulmama Hərəkatına sədrliyinin prioritetləri ilə bağlı iştirakçılara geniş məlumat verib.

Daha sonra Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev çıxış edərək Bakı şəhərində keçirilən XVIII Zirvə Görüşün nəticələri və qəbul edilmiş sənədlərin qısa xülasəsi haqqında, eləcə də Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin prioritetləri ilə bağlı iştirakçıları məlumatlandırıb.

Fəxri qonaq qismində çıxış edən Afrika İttifaqı Komissiyasının sədrinin müavini Kvartey Tomas Kvesi Qoşulmama Hərəkatının müasir dövrdə beynəlxalq münasibətlər sistemində çoxtərəfli (multilateral) diplomatiyanın təşviq edilməsi rolu barədə bəhs etmiş, Azərbaycanı sədrlik münasibətilə təbrik edərək ölkəmizə uğurlar arzu edib.

Daha sonra, fəxri qonaq kimi tədbirdə iştirak edən Efiopiyanın Xarici İşlər üzrə Dövlət katibi Markos Tekle Efiopiyanın qeyd olunan təşkilatın yaranmasındakı xidmətlərindən bəhs edib, Efiopiyanın Bakı sammiti zamanı qəbul edilmiş sənədlərə sadiqliyini və dəstəyini ifadə etmiş və Bakı zirvə görüşünün uğurlu keçirilməsinə görə Azərbaycana minnətdarlığını ifadə edib.

Tədbirdə Qoşulmama Hərəkatının tarixinə aid, eləcə də Bakıda keçirilmiş Zirvə Görüşü özündə əks etdirən fotoşəkillər nümayiş etdirilib. Tədbirdə Əddis-Əbəbədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və nümayəndələri, Efiopiyanın müvafiq dövlət qurumlarının və Afrika İttifaqının rəsmiləri, o cümlədən Afrika İttifaqı Komissiyasının Siyasi məsələlər üzrə komissarı Sessuma Minata Samate, habelə Efiopiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


Create Account



Log In Your Account