Nov 06 2019 11:10
Elshad Aliyev
Views: 38

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Daxili İşlər nazirinin müavini İsmail Çataklı ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə V.Eyvazov dövlətlərimizin başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşdiyini məmnunluqla vurğulayıb.

Cəmiyyət həyatının bütün istiqamətlərində olduğu kimi, ölkəmizdə təhlükəsizlik sahəsinin də möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi önəm verildiyini diqqətə çatdıran general-polkovnik Vilayət Eyvazov bu gün Azərbaycan Polisinin, Daxili Qoşunların peşəkarlıqla fəaliyyət göstərdiyini, ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə aparıcı hüquq-mühafizə orqanı kimi öz yerini tutduğunu xüsusi qeyd edib, qazanılmış uğurlarda Türkiyə Jandarm Qüvvələrinin, Türkiyə Polisinin də danılmaz rolunun, xidmətinin olmasına diqqət çəkib. Buna görə Türkiyə Daxili İşlər Nazirlyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirən V.Eyvazov Türkiyə Respublikasının Daxili İşlər naziri Süleyman Soyluya salamlarını catdırmağı nazir müavinindən xahiş edib.

Səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirən Türkiyənin Daxili İşlər nazirinin müavini İsmail Çataklı respublikamıza ikinci gəlişindən, ölkəmizin sürətli inkişafından, sabitlikdən, əmin-amanlıqdan, Bakının dünyanın ən gözəl paytaxtlarından, ən təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu diqqətə çatdırıb. O, qarşılıqlı faydalı işbirliyinin daha da genişlənməsinə bundan sonra da səy göstərəcəyini ifadə edib.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.


Create Account



Log In Your Account