Apr 03 2020 17:13
Elshad Aliyev
Views: 388

Dünyada COVID-19 koronavirus pandemiyasının güclənməsi və ölkələrimizin xüsusi karantin rejiminə keçməsi, sərhədlərin bağlanması, giriş-çıxışın məhdudlaşdırılması nəticəsində Özbəkistandakı bir çox Azərbaycan vətəndaşının vətənə qayıtması qeyri-mümkün olub. Vətəndaşlarımız yaşadıqları mehmanxanalardan çıxmaq məcburiyyətində qalıb və səfirliyimizə telefonla müraciət edərək Azərbaycan dövlətindən kömək istəyiblər.

Yaranmış vəziyyətlə əlaqədar ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev tərəfindən xüsusi komissiya yaradılıb, Özbəkistanda qalan Azərbaycan vətəndaşlarına dair araşdırma aparılıb.

Məlum olub ki, Özbəkistana müvəqqəti və iş məqsədilə gələn 100-dən çox Azərbaycan vətəndaşı Daşkənd, Səmərqənd, Anqren şəhərlərində məskunlaşıb. Səfirlik onların siyahısını hazırlayıb, ünvanları, əlaqə telefonları və digər məlumatları dəqiqləşdirib.

Özbəkistanda vətəndaşlarımıza yardım məqsədilə xüsusi fond yaradılıb və bu fonda səfirliyimizin diplomatları, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, habelə Özbəkistandakı azərbaycanlı iş adamları Nazim Musazadə və Elvin Məmmədov ianə veriblər.

İlk olaraq maddi vəziyyəti çətin, ailəli, uşaqlı şəxslərə pul vəsaiti verilib, dövlətimizin onların yanında olduğu bildirilib, vətəndaşlarımızın xarici ölkələrdən təxliyəsi ilə bağlı görülən işlər barədə məlumat çatdırılıb.

Səfirliyimizin tövsiyəsi ilə otellərdə yaşayan vətəndaşlarımız nisbətən ucuz evlərə köçürülüb və onlar səfirliyimizin konsulluq xidmətində müvəqqəti qeydiyyata alınıblar.

Azərbaycan səfirliyinin bu yardımını yüksək qiymətləndirən vətəndaşlarımız dövlətimizə öz təşəkkürlərini bildiriblər. Vətəndaşlarımız daim səfirliyimizlə əlaqədədirlər və onlar diplomatik nümayəndəliyimizin diqqət və qayğısı ilə əhatə olunublar.


Create Account



Log In Your Account