Mar 12 2020 11:06
Elshad Aliyev
Views: 56

Azərbaycan və Türkmənistan Xəzər hövzəsində önəmli mövqeyə malik olan ölkələrdir. Bu iki ölkə, eyni zamanda, türk dünyası üçün mühüm strateji əhəmiyyətə və rola malikdirlər. Prezident İlham Əliyevin 2018-ci ildə Türkmənistana rəsmi səfəri ilə iki ölkə arasında əməkdaşlıq tarixində yeni səhifə açıldı. Ən yüksək səviyyədə aparılmış müzakirələr nəticəsində əldə edilən razılıqla, iki ölkə arasında 20 saziş imzalandı. Xüsusən, dəmir yolları və nəqliyyat infrastrukturunun digər sahələrini əhatə edən sazişlər ilə iki yaxın ölkənin əlaqələri daha da inkişaf etdi.

Bu sözləri AZƏRTAC-a Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov Türkmənistan Azərbaycan əlaqələrini şərh edərkən deyib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə rəsmi səfərinin önəmini qeyd edən politoloq söyləyib ki, iki ölkə arasında əlaqələrin vacibliyi Xəzər dənizi hövzəsində ortaq addımlar atmağı labüd hesab edirdi: “Beş Xəzəryanı dövlət - Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya dənizin hüquqi statusunu müəyyən edə bilmirdilər. Əsas mübahisə dənizin milli sektorlara bölünmə prinsipinin razılaşdırılmaması idi. Azərbaycanın razılığa gəlməkdə daha çox çətinlik çəkdiyi ölkə, etiraf edək ki, Türkmənistan idi. Buna səbəb tərəflərin dənizin ortasında yerləşən bəzi zəngin neft və qaz yataqları, xüsusən də “Kəpəz” və “Azəri-çıraq” yataqları ilə bağlı razılığa gələ bilməməsi idi. Eləcə də digər dövlətlər də Xəzərin pay bölgüsündə daha əlverişli şərtlərlə razılıq əldə olunmasına çalışırdılar. İki il əvvəl Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammitinin yekununda bu ölkələrin dövlət başçıları dənizin hüquqi statusu haqqında Konvensiyanı imzaladılar. Azərbaycan və Türkmənistanda paralel surətdə multi-modal nəqliyyat sistemləri, dəniz limanları ərsəyə gətirilib. Son dörd ildə iki ölkə arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb. Türkmənistan Prezidentinin ölkəmizə səfəri həm bu əlaqələrin inkişafı baxımdan önəmlidir, həm də humanitar sahədə imzalanan sazişlər də mühüm önəm kəsb edir”.

T. İsmayılov vurğulayıb ki, hazırda dünyada bir tərəfdən koronavirus epidemiyasının pandemiya elan olunmağı ilə fond birjalarındakı geriləmələr, digər tərəfdə isə OPEK+ müzakirələri və neftin qiymətindəki kəskin ucuzlaşma dünyada kövrək iqtisadi-siyasi mühit yaradıb. Belə həssas məqamda Türkmənistan Prezidentinin ölkəmizə səfəri önəmli əhəmiyyətə malikdir.

Politoloq əlavə edib ki, dövlətimizin başçısının uğurlu xarici siyasət kursu ilə bu gün Azərbaycan, Türkiyə və Türkmənistan kimi eyni etnik kökə malik, güclü ölkələrlə əlaqələrinin ən yüksək dövrünü yaşayır.


Create Account



Log In Your Account