Oct 04 2019 10:16
Ferah Sabirqizi
Views: 106

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının “Azərbaycan, Ermənistan və Türkiyə: gerçək tarix axtarışı (1920-1994)” kitabı Türkiyə Respublikasının Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun nəzdindəki Atatürk Araşdırma Mərkəzi tərəfindən Diyanət Vəqfi mətbəəsində nəşr edilib.

1500 tirajla, nəfis tərtibatla nəşr edilən 642 səhifəlik monoqrafiya Azərbaycan, Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Gürcüstan və digər ölkələrin ən mötəbər arxiv materialları əsasında hazırlanıb. Əsərdə Ermənistanın irəli sürdüyü əsassız ərazi iddiaları, Moskva və Qars konfranslarında ərazi məsələlərinin, Lozan konfransında “erməni məsələsi”nin həlli, keçmiş sovet rəhbərliyinin erməniləri xarici ölkələrdən gətirərək Azərbaycana yerləşdirməsi, süni surətdə Dağlıq Qarabağ Muxtar Vilayətini (DQMV) yaratması, İrəvanda Türkiyə nümayəndəliyinə hücum kimi məsələlər yer alıb. Həmçinin XX əsrin 20-30-cu illərində xarici ölkələrdən ermənilərin gətirilməsi, İkinci Dünya müharibəsindən sonra Ermənistan SSR rəhbərliyinin Azərbaycandan DQMV-ni qopartmaq cəhdləri, Türkiyəyə qarşı əsasız ərazi iddialarının irəli sürülməsi, bunlar baş tutmadıqda azərbaycanlıların tarixi torpaqlarından deportasiya edilməsi, onların hər cür şəraiti olan evlərinə və təsərrüfatlarına xaricdən gətirilən ermənilərin yerləşdirilmələri tədqiq olunub. Monoqrafiyada erməni diasporu və Ermənistan SSR rəhbərliyinin əsassız iddiaları və antitürk fəaliyyətləri, uydurma “erməni soyqırımı” məsələsinin gündəliyə gətirilməsi, 70-80-ci illərdə erməni terror təşkilatlarının törətdikləri terror aktları, Azərbaycan torpaqlarını ələ keçirtmək cəhdləri, Ermənistanın hərbi təcavüzünün başlanılması, gedişi və nəticələri də araşdırılıb.

Əsər Türkiyə türkcəsinə hüquq üzrə fəlsəfə doktoru Əli Əsgər və filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlanə Qasımlı (Mustafayeva) tərəfindən çevrilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı hesabına yazılmış bu əsər əvvəllər Bakıda və Moskvada Rusiya Mədəniyyət Fondunun nəşriyyatında çap olunub.


Create Account



Log In Your Account