Mar 25 2021 11:39
Elshad Aliyev
Views: 164

Moskvada Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunun təşkilatçılığı ilə “Arxeoloji tədqiqatların yeni materialları və üsulları” mövzusunda Gənc Alimlərin VI Beynəlxalq konfransı keçirilib. Konfransda Azərbaycan, Rusiya, Belarus, Tacikistan, Özbəkistan və digər ölkələrdən qatılmış gənc arxeoloqların çöl tədqiqatlarının nəticələri nümayiş olunub. Tədbirdə Azərbaycanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçiləri, tarix üzrə fəlsəfə doktorları Anar Ağalarzadə, Dmitri Kiriçenko və Şamil Nəcəfov təmsil ediblər.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, konfransın “Avrasiya düzənliklərində Erkən Dəmir dövrü: atlılar, dənizçilər, əkinçilər” adlı bölməsində A.Ağalarzadə və D.Kiriçenkonun “Yardımlıda arxeoloji qazıntılar (2020-ci ilin çöl qazıntıları)” adlı posteri və məqaləsi təqdim olunub. Gənc alimlərin təqdimatında Yardımlı rayonunun Alar kəndi ərazisindəki Sarıbulaq yaylaqlarındakı Son Tunc-İlk Dəmir dövrü kurqanlarında ötən il aparılmış arxeoloji qazıntıların nəticəsi və bu qazıntılardan əldə edilmiş maddi mədəniyyət nümunərindən bəhs olunur. Qeyd edilir ki, Sarıbulaq kurqanları Son Tunc-İlk Dəmir dövrü yaylaq maldarlığı ilə məşğul olan yarımköçəri həyat tərzi sürən əhalinin dəfn adətlərinin öyrənilməsi baxımından çox mühüm əhəmiyyətə malikdir.

“Eneolit və Tunc dövrü arxeologiyası: paleometal dövrünün ənənəvi formalaşması” adlı konfrans bölməsində Ş.Nəcəfovun “Yastıtəpə yaşayış yerindəki arxeoloji tədqiqatların nəticəsi” adlı məqaləsi təqdim edilib. Məqalədə müəllifin son 10 il ərzində Ağstafa rayonu ərazisindəki Yastıtəpə Son Tunc-İlk Dəmir dövrü abidəsində apardığı arxeoloji qazıntıların nəticələri əks olunub. Bu abidə Gəncə-Qazax bölgəsinin bəhs olunan dövr yaşayış məskənləri kimi zəngin maddi mədəniyyət nümunələrinə malik olub, dövrün qədim tayfalarının təsərrüfat həyatını və yaşayış tərzini geniş şəkildə izləməyə imkan verir.

Konfransa təqdim edilmiş bu məqalələr toplu halında nəşr olunub və həmin toplunun elektron variantı Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunun rəsmi internet səhifəsində yerləşdirilib.

 


Create Account



Log In Your Account